Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü44-günlük Vətən müharibəsində əldə edilən qələbə 30 ilə yaxın bir müddətdə davam edən işğala son qoyulması, Ermənistanın kapitulyasiyası və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi. Tarixən müharibələr və ya başqa silahlı münaqışələr bitəndən sonra, bir qayda olaraq, onların fəsadları aradan qaldırılır, həyat öz normal məcrasına dönür, zəruri beynəlxalq razılaşmalar imzalanır. Çox təəssüf ki, acı məğlubiyyətdən nəticə çıxarmaq istəməyən Ermənistan rəhbərliyi regionda beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasının əvəzinə yenə də vəziyyətin gərginləşməsində maraqlı olduğunu nümayiş etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü il tarixində Azərbaycanın beynəlxalq hüquqla tanınan suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi açıqlamalar bunu əyani formada təsdiq edir. Erməni tərəfinin iddiaları bu ölkənin rəhbərliyinin bir müddət öncə çıxış etdyiAzərbaycanın ərazi bütövlüyünün tanınması haqqında bəyanatla heç cür uzlaşmır.
Açıq-aydın saxta və qüvvədə olan istər beynəlxalq hüquq, istərsə də daxili qanunvericiliyə zidd olan “öz müqəddəratını təyin etmə hüququ” suarı altında Azərbaycan torpaqlarını işğal edən, Qarabağ bölgəsində soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törədilməsini bilərəkdən “unudan” Paşinyan Laçın koridorunun “blokasından”, mifik “etnik təmizləmələrdən” danışır. Bunula bağlı bəzi məsələlərə bir daha aydınlıq gətirilməsi zəruridir.
Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması dövlətimizin suveren hüququdur, beynəlxalq hüquqda hamılıqla tanınan ərazi üstünlüyü prinsipindən irəli gəlir və bunun yalnız bir məqsədi var - ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasi. Laçın dəhlizi sadəcə humanitar məqsədlər üçün istifadə edilməli olduğu halda, ermənilər onu qizli müharibənin aparılması üçün istifadə edirdilər.
2022-ci ilin avqustundan bu qünədək mənfur qonşularımız tərəfindən Laçın yolu ilə Ermənistanda 2021-ci ildə istehsal olunmuş 2700 mina və partlayici qurğu ərazimizə daşınmışdır. İkinci Qarabağ müharibəsi başa catandan sonra 302 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib. Onlardan 57-si həlak olub, 245 nəfəri isə ağır bədən xəsarəti alıb.
Ermənilər öz çirkin əməllərini ört-basdır etrmək üçün bütün dünyaya sübut etməyə çalışırlar ki, qüya Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata riayət etmir. Birmənalı olaraq qeyd edilməlidir ki, Ermənistandan fərqli olaraq, dövlətimiz ümumiyyətlə hər bir beynəlxalq-hüquq sənədinə ciddi formada riayət edir. Qeyd edilən Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Erməni tərəfinin təxribatlarına rəğmən,bu öhdəlik icra olunur və humanitar məqsdlər üçün Laçın dəhlizinin istifadəsində heç bir maneə yoxdur. Ancaq eyni zamanda təbii bir sual meydana çıxır – nəyə görə Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatın 7-ci maddəsində nəzərdə tutulan öhdiliyi, yəni hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməkdən boyun qaçırır? Beynəlxalq razılaşma olaraq, Üçtərəfli bəyanat erməni tərəfi üçün dəqiq hüquqi öhdəliklər nəzərdə tutsa da, Ermənistan onları icra etmir və beynəlxalq müqavilə hüququnun başlıca prinsiplərindən olan pacta sunt servanda (müqavilələrə riayət olunmalıdır) prinsipini kobud şəkildə pozur.
Erməni təbliğatının növbəti uydurma tezisi Laçın dəhlizinin “blokadası” ilə bağlı Qarabağda yaşayan erməni əsilli şəxslərin “ərzaq çatışmamazlığı səbəbindən guya “etnik təmizləmə” təhlükəsi ilə üzləşmələridir. Ümumiyyətlə “etnik təmizləmələrin” cinayət əməli qismində nədən ibarət olduğunu müəyyən etmək üçün BMT-nin 1992-ci il tarixli 780 saylı qətnaməsi əsasında yaradılmış ekspert qrupunun məruzəsinə müraciət etmək faydalı olar. Etnik təmizləmə hər hansı ərazidə qanuni əsaslarla yaşayan əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi məqsədi ilə konkret milli və ya etnik qrup nümayəndələrinin qəsdən öldürülməsi, işgəncələr, sağlamlığa zərər yetirmə, məqsədli silahlı hücumların həyata keçirilməsi, yaşayış yerlərinin, əmlakın, dini ibadət yerlərinin, mədəni irs obyektlərinin məhv edilməsi vasitəsi ilə qovulmasıdır. Təcrübədə bu cür əməllərin soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri ilə sıx bağlılığı müşahidə olunur. Bütün sadalanan əməllər azərbaycanlılara qarşı törədilən cinayətləri əhatə edir. Azərbaycan əhalisinin erməni dövlət qurumlarının vasitəsilə vəhşicəsinə Ermənistandan qovulması, Qarabağda vətəndaşlarımıza qarşı törədilən amansız kütləvi qətllər, işqəncələr, beynəlxalq humanitar hüququn total şəkildə pozulması – budur etnik təmizləmə cinayəti. Azərbaycanlıların məruz qaldıqları etnik təmizləmələr faktiki olaraq Ermənistanın və marionet separatçı rejimin monoetnik icma yaratması üçün tətbiq etdikləri cinayətkar strateqiya olmuşdur.
Digər mühüm məsələ Ermənistanın Beynəlxalq məhkəmənin baxışında olan Azərbaycan-Ermənistan dövlətlərarası mübahisə ilə bağlı aralıq tədbirləri üzrə qəbul etdiyi qərarların təhrif edilməsidir.
Birincisi, BMT-nin əsas məhkəmə orqanının 22 fevral 2023-cü il tarixli qərarında insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etmək məsələsi öz əksini tapmışdı və bu mənada heç problem mövcud olmadan, bu hərəkət humanitar məqsədlər üçün dövlətimiz tərəfindən təmin edilir. Ancaq hər bir halda dəhliz qanunsuz fəaliyyət – qaçaqmalçılıq, silah, sursat, partlayici maddələrin daşınması üçün istifadə edilə bilməz və bu cür əməllərə heç zaman yol verilməyəcək.
İkincisi, bir daha xatırlatmaq istərdim ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq hüquqa guya zidd olması ilə bağlı Ermənistanın müraciəti 6 iyul 2023-cü ildə yekdilliklə Beynəlxalq məhkəmə tərəfindən rədd edilib və bu qərar bir daha təsdiq edir ki, SBM-ninyaradılması dövlətimizin suveren hüququdur.
Bütün qeyd edilənlər tam aydın formada nümayiş etdirir ki, Ermənistan əsassız, destruktiv movqe tutur, separatçılığa, etnik ekstremizmə rəvac verir və ümumiyyətlə dövlətlərarası münasibətlərdə və beynəlxalq hüquqda qəbul olunmayan davranış nümayiş etdirir. Əlbəttə ki, bunun heç bir perspektivi yoxdur və burada yeganə düzgün yol - regionda beynəlxalq sülhün, təhlükəsizliyin bərqərar olunması istiqamətində zəruri addımlarən atılmasıdır. Azərbaycanın beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə uyğun movqeyi tarixi Zəfərimizdən sonra Cənubi Qafqazda formalaşan və burada yaşayan bütün xalqların maraqlarına cavad verən yeni əməkdaşlıq formatının bərqərar olunmasına xidmət edir.