AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Nizami Səfərov - “27 sentyabr – Böyük Zəfərin başlanğıcı”

  • + A
  • - A
  • 24-09-2023, 13:03

    Deputat Nizami Səfərov - “27 sentyabr – Böyük Zəfərin başlanğıcı”


    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    27 sentyabr – Böyük Zəfərin başlanğıcı -

    İkinci Qarabağ müharibəsində əldə edilən parlaq Zəfərə və ölkəmizin ərazi bütövlüyü və suverenlyinin tam bərpasına gətirib çıxaran yol 2020-ci ilin 27 sentyabr tarixindən başlamışdır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində mərdlik və şücaət nümayiş etdirən, Azərbaycan uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olmuşdur.


    Qatı millətçilik ideyalarını rəhbər tutan, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcəvüzü nəticəsində 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqları işğal edilmiş, yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Bu sırada Xocalı soyqırımı öz xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində ən ağır beynəlxalq cinayət olan soyqırımı törətmişlər. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin əlil olmuşdur.
    Təcavüz nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə vadar edilmışlər, həmçinin ölkəmizin iqtisadiyyatına və mədəni irsinə qenişmiqyaslı ziyan vurulmuşdur.

    Silahlı münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu 29 il ərzində özünün tam fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirdi.


    Burada təkcə bir faktı qeyd etmək kifayətdir. BMT-nin Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə ölkəmizin suverenliyi və ərazı bütövlüyünün təsdiq olunmasına baxmayaraq, 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu əhəmiyyətli sənədin əleyhinə səs vermişlər.

    Ermənistanın destruktiv mövqeyi münaqişənin dinc yolla həllinə imkan verməmişdir və ardı-arası kəsilməyən təxribatlar nümayiş etdirirdi ki, mənfur qonşularımız işğalçılıq siyasətini davam etdirməkdə israrlıdırlar. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan erməni tərəfi ordumuzun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini də artilleriya atəşinə tutdu. Belə bir şəraitdə hərbi təxribatın dəf edilməsi məqsədilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçməli oldu. Uğurlu əməliyyatların nəticəsi olaraq noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

    İkinci Qarabağ müharibəsində əldə edilən qələbə Müzəffrər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hazırlanmış və gəhrəman Azərbaycan Ordusu tərəfindən döyüş meydanında möhtəşəm formada həyata keçirilən hərbi strateqiyanın parlaq nəticəsidir.


    Azərbaycanın bu tarixi qələbəsi milli iradə və milli ləyaqət təntənəsi kimi əbədi olaraq xalqımızın yaddaşında həkk olunmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR