Prof. İbrahim Cəfərov -
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvüÜmummilli lider Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən, bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanılıb.
Ölkə gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi və bunu hər zaman diqqətdə saxlamaq Ulu Öndər Heydərin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub. O, hər zaman qeyd edirdi: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Əlbətdə ki, hər bir dövlətin milli inkişaf strategiyasının önəmli istiqamətlərindən birini də uğurlu gənclər siyasəti təşkil edir. Bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Məhz bu baxımdan, dövlətimizin həyata keçirdiyi gənclər siyasəti strateji səciyyə daşıyır. Elə bu siyasətin fonunda, gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına yardım etmək, gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanmasına, həmçinin, həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir..
Qeyd edim ki, Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Bununla yanaşı, yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir həyata keçirilməsi də bu məqamlar içində yer alır.
Azərbaycan Gəncləri milli-mənəvi dəyərlərə hər zaman sadiqlik nümayiş etdirir.
Ölkə gənclərinin İnkişaf Strategiyasının əsas məqsədlərindən biri də mənəvi inkişafı özündə ehtiva edir. Əlbətdə ki, dövlət quruculuğunun ayrı-ayrı sahələrini bir araya gətirən, dövlətin siyasi, iqtisadi və digər sistemlərini tamamlayan, onların bir bütöv halında fəaliyyətini təmin edən mənəvi sferanın əhəmiyyəti danılmazdır..
Məhz, 44 günlük Vətən müharibəmizdə olduğu kimi.. Ordumuzun sıralarındakı Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni xalqımıza yaşatdılar, bəxş etdilər..
Heç şübhəsiz Vətən müharibəsində iştirak etmiş hər bir qəhrəmanımıza xalqımız minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici oldu. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin və bu məktəbi məhz uğurla davam etdirən Ali Baş Komandan, prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.
Bununla da bitmir. Vətən müharibəsində informasiya müharibəsinin ön cəbhəsində duran Azərbaycan gəncləri idi. Həmin dövrdə bizim gənclərimiz sosial şəbəkələrdə olduqca fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.
Ən önəmlisi odur ki, gənclərimiz öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Bəli, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır.
Düşünürəm ki, bizim Gənclik qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır.