“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır. İndiyədək əhali tərəfindən primitiv və pərakəndə çəkilmiş xətlər ləğv edilərək mərkəzləşdirilmiş sistemlə əvəzlənir.
Səbail rayonu Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Bütün bunlar nəzərə alınaraq ərazidə içməli su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulmasına qərar verilib. 2019-2020-ci illərdə ərazidə 15 km içməli, 20 km tullantı su xətləri inşa edilib. Ötən ilin sonlarından etibarən layihənin davamı kimi 1,8 km içməli su və 2 km tullantı su şəbəkəsinin inşasına başlanılıb. Hazırda 140 ünvana ev birləşməsinin verilməsi işləri davam etdirilir.
Yeni şəbəkə yaradılmış ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulur. Layihə üzrə işlərin fevral ayında başa çatdırılması nəzərdə tutulur. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra sürüşmə zonası təhlükəsi olan bu ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri isə Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.