“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlanıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına Binəqədi-Xırdalan şossesinin sağ hissəsində yerləşən yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.
Yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi.
Sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən bütün fərdi su xətləri ləğv olunur. Burada müxtəlif diametrli borularla 5,7 km uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 500-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.
Tikinti-quraşdırma işlərinin cari ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Binəqədi rayonu ilə yanaşı, Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Şamaxı, Siyəzən, Neftçala, Biləsuvar və Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.