Xəbər verdiyimiz kimi, “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi təsdiq edilib. Sənəddə nələr əksini tapıb? Yol Xəritəsi ölkənin əmək bazarında nələri dəyişəcək? Bu və digər suallara hüquqşünas
Sahib Məmmədov cavab verib. Onun sözlərinə görə, “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində işçi qüvvəsinin işə qəbulunun asanlığını nəzərdə tutan 3 indikator və 6 komponent yer alıb:
“Bu Dünya Bankının yeni layihəsidir. Uzun illər DB “Duying Bisness” layihəsini icra edib. Azərbaycan da həmin layihənin aktiv iştirakçılarından olub. Dəfələrlə islahatçı ölkə siyahısında yer alıb. Artıq həmin layihə başa çatıb. Onun əvəzində “Əlverişli Biznes Mühiti” layihəsinə start verilib. Bu çərçivədə bir sıra indikatorlar müəyyən edilib. Onlardan biri də işçi qüvvəsi indikatorudur. Bununla bağlı mənim də təmsil olunduğum işçi qrup yol xəritəsi hazırlayıb. Artıq həmin sənədi baş nazirin I müavini təsdiq edib”.
S.Məmmədov Yol Xəritəsində işçi qüvvəsinin işə qəbulunun asanlığını nəzərdə tutan 3 indikator və 6 komponent üzrə 25 tədbirin müəyyən olunduğunu deyib.
- Əmək qanunvericiliyinin keyfiyyət indikatoru
- əmək bazaı üzrə daxili bazarın adekvatlığı indikatoru
- işçi qüvvəsinin işə götürülmaəsinin asanlığı.
Hüquqşünasın sözlərinə görə, sənəddə əmək qanunvericiliyi və dövlət xidmətlərinin praktikada həyata keçirilməsi məsələləri əhatə olunub:
“İşçi qüvvəsi üzrə indikatorların müəyyən olunması və yol xəritəsinin təsdiqi əhəmiyyətlidir. Ancaq bir şərtlə ki, burada göstərilən müddəaların həyata keçirilməsi mümkün olsun. Məsələn, indikatorların həyata keçirilməsi üçün həm Əmək Məcəlləsi, həm Vergi Məcəlləsi yeni redaksiyada hazırlanmalıdır. Çünki bizdə Əmək Məcəlləsi 1999-cu ildə qəbul olunub. Müasir iqtisadi münasibətlərin tənzimlənməsində xeyli mürəkkəblik yaradır, funksionallığını əhəmiyyətli dərəcədə itirib. Ona edilən əlavə və dəyişikliklər isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Mən hesab edirəm ki, ilk növbədə, qanunvericiliyin təkmilləşdirilməsinə əsaslı surətdə başlamaq lazımdır”.
2022-23-cü illəri əhatə edən Yol Xəritəsində əmək qanunvericiliyi sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericiliyə daxil edilməsi məsələsi əksini tapıb. Eləcə də əmək qanunverciiliyində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub, o cümlədən işçilərin təşkilatlanma, kollektiv sövdələşmə hüququnu tənzimləyən normaların təkmilləşdirilməsi, təhlükəsiz və sağlam iş şəraiti, iş yerlərində gender bərabərliyinin təmin olunmasıdır və s. kimi məqamlar yer alıb.
Məşğulluğa dair məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görürdüyünü deyən S.Məmmədov qadınlara münasibətdə müəyyən məhdudiyyətlərin aradan qaldırılacağını da bildirib:
“Qadınlarla bağlı bəzi pozitiv diskriminasiya adlandırdığımız məhdudiyyətlər vardı. Onların gecə növbəsinə işə cəlb olunması, sağlamlıq üçün ziyanlı olan iş yerlərində işləməyə qadağaların qoyulması hazırda aradan qaldırılır. Yalnız müəyyən hallar üçün məhdudiyyətlər tətbiq olunacaq. Həmçinin, əmək bazarı üzrə dövlət xidmətlərinin adekvatlığının təmin olunması, işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə işsizlikdən sığorta və məcburi dövlət sığorta sistemində təkmilləşdirmənin həyata keçrilməsi vacib şərtdir. Bizdə Konstitusiyanın 35-37-ci maddələrinə əsasən, işsizlərin müavinət almaq hüququ vardır. Amma bizim “İşsizlikdən sığorta haqqında” qanun bütün bu tələblərə cavab vermir. Bir çox hallarda işsiz qalan şəxslər bu müavinəti ala bilmir”.
Qeyri-formal məşğuluğun aradan qaldırılması da aktual məsələdir. Hüquqşünas bildirib ki, bunun aradanq aldırılmasına yönələn tədbirlərin həayta keçirilməsi də yol Xəritəsində yer alıb:
“Məşğulluq xidmətlərinin göstərilməsi, dövlət məşğulluq orqanının fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. 2018-ci ildən “Məşğulluq haqqında” yeni qanun qüvvəyə minib. Orada nəzərdə tutulan strukturların, altsistemlərin qurulması prosesi gedir. Fərdi əmək mübahisələri ilə məşğul olan məhkəmələr və inzibati orqanların fəaliyyətinin səmərəliliyinin artırılması da ciddi problemdir. Çünki bizdə fərdi əmək mübahisələrinə baxılmaq üçün 3 pilləli bir sistem əmələ gəlib. Birincisi, müəssisələrin özündə bu mübahisələrə baxan komissiya fəaliyyət göstərməlidir. Ancaq formal xaratker daşıyır. Əslində mediasiya funksiyasını onlar yerinə yetirməli idi. İndi Mediasiya institutu yaradılıb və fərdi əmək mübahisələri zəminində məhkəməyə müraciət etməzdən əvvəl mütləq ilkin mediasiya sessiyası keçirilməlidir. Bu, əmək mübahisələrinə baxılması prosedurunu bir qədər də mürəkkəbləşdirir. Burada işçilərin vəkillə pulsuz təmin olunması, hüquqi yardımlara əlçatanlığın artırılamsı kimi məsələlər də var”.
Azərbaycanda işə qəbul prosesinin xeyli mürəkkəb olduğunu deyən S.Məmmədov əlavə sənədlərin tələb olunduğunu qeyd edib. Artıq əmək kitabçalarının ləğvi məsələsi gündəmdədir:
“Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi bu istiqamətdə intensiv işlər aparır. Qanunvericiliyə müvafiq dəyişikliklər paketi hazırlanır. Ümid edirəm yaxın gələcəkdə əmək kitabçaları dövriyyədən çıxarılacaq”.
Azərbaycanda əmək bazarının indiki durumuna gəlincə, hüquqşünas bunu o qədər də yaxşı qiymətləndirmədiyini deyib:
“Nəzərə alaq ki, bu il İqtisadi Azadlıq indeksində Azərbaycan əmək azadlığı indeksində 6 bənd geriləyib. 2009-cu ildən isə 27 bənd geriləmişik. Bu həm də qanunvericiliklə bağlıdır. Eyni zamanda qeydi-formal əmək bazarı, “kölgə iqtisadiyyatı” üstün olaraq qalır. Özünəməşğul insanları kölgə iqtisadiyyatından çıxarmağa cəhdlər edilir. Özünəməşğulluq proqramı bu istiqamətdə əhəmiyyətli işdir. Çünki bu proqrama cəlb olunanların bir çoxu kölgə iqtisadiyyatının üzvləridir. Qeyri-formal əmək bazarının ləğvinə yönələn praktiki addımların atılması vacibdir. Vergi güzəştləri, özünəməşğul insanların hesabatlılığının asanlaşdırılması kimi problemlər mövcuddur. Ümid edirəm ki, bu istiqamətdə mövcud olan problemlər gələcəkdə aradan qaldırılsa, əmək bazarında müsbətə doğru əhəmiyyətli dəyişikliklərə nail ola biləcəyik”.