Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17409,9 milyon kub metr təşkil edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ehtiyatların 86,1 faizi hasilatın, 13,9 faizi qalığın hesabına formalaşıb. Təbii qazın 35,8 faizi istehlak, 51,7 faizi ixrac olunub, 2,8 faizi itkiyə gedib, 9,7 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,8 faizi isə əhaliyə satılıb.
2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2360,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilib, onun 37,2 faizi Bakı şəhərinin, 3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6 faizi Gəncə-Daşkəsən, 6 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.