Vətən sevgisinin əngəl tanımamasını əməlində sübut edən xanım – Qənirə Paşayeva
Son 10 günü hamımızın diqqəti Tovuza, orda baş verən hadisələrə, əhalinin həmrəylik göstərməsinə yönəlib. Amma mən bu gün diqqətinizi Tovuz hadisələrində yerli əhaliyə, orduya deyil, qədim Azərbaycanın bütün qəhrəman xanımları ilə mübaliğəsiz müqayisə olunan Millət vəkili Qənirə Paşayevaya yönəltmək istəyirəm. O Qənirə xanıma ki, Tovuz hadisələri başlayandan millət vəkili seçildiyi doğma Tovuz rayonuna gedib ön cəbhədə yaşayan sakinlərlə görüşür, qayğı və problemləri ilə maraqlanır. Ön cəbhədə yaşayan insanlarımızın fədakarlığından, vətən və torpaq sevgisindən ilham alan Qənirə xanım dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanlarla bərabər Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasətində qəhrəmanlıqla düşmənə qarşı mübarizə aparır. Evləri düşmən mərmilərindən dağılan sakinlərə toxdahlıq verir, onlara həmişə xatırladır ki, ön cəbhədə yerləşən kəndlərimiz hər zaman cənab Prezidentimizin xüsusi diqqəti altındadır və hər zaman belə hallarda ailələrə dəyən ziyan dövlət tərəfindən ödənilir. Mətbuatdan izləmişik ki, Qənirə xanım qolundan zədə alıb. Bu zədə onun Bakıya qayıtması üçün bəhanə də ola bilərdi. Lakin öz zədəsini diqqətə almayan Millət vəkili ön cəbhədə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparır.
Millət vəkili vətəndaşları tək-tək dinləyir, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirir. Qənirə xanımdan çox yazmaq, saatlarla danışmaq olar. Çünki fəaliyyəti göz önündə olan, həmişə seçicilərinə hesabat verən azsaylı deputatlardandır. Rayonda qorxmadan səngərləri gəzir, əsgərlərlə maraqlanır. Bu yaxınlarda cəbhə bölgələrinə səfər edən deputatların ön cərgəsində yenə Qənirə xanımın məğrur duruşunu gördük. İşlərinin gərginliyi, zədəsi ona deputatlarla birgə şəhid ailələrini ziyarət etməyə, şəhidlərin uyuduğu müqəddəs torpaqlara baş çəkməyə mane olmamışdı. Qənirə xanım xalqın sevgisini mətbuata gəldiyi vaxtlardan qazanıb. Bu gün ölkə Milli Mətbuat Gününü qeyd edir. Bu gözəl gündən də Vətənin mərd qızı, əsl millətinin vəkili Qənirə xanıma da pay düşür.
Qənirə xanımı təbrik edir, ona can sağlığı, bu şərəfli işində uğurlar arzulayıram. Qənirə xanım o qədər ucadadır ki, sözlər onun əməlini vəsf etməyə acizdir.
Qənirə xanım, ən səmimi arzularla təbriklərimi qəbul edin!
Allah sizi xalqımıza çox görməsin!
Hörmətlə Xəlil Xəlilov