AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub

  • + A
  • - A
  • 13-05-2021, 20:21

    Masallıda şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub

    Rayonun Ərkivan qəsəbəsində pandemiya qaydalarına riayət olunmaqla, şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə keçirilən mərasimdə Azərbaycanın Milli Qəhrəmanı, general mayor Polad Həşimovun anası Səmayə xanım, rayon rəsmiləri, şəhidin ailə üzvləri və yaxınları, hərbçi yoldaşları, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mərasimdə şəhidin həyat yolundan, döyüşlərdəki qəhrəmanlığından danışılıb. Bildirilib ki, Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin (3 qardaş, 7 bacı) sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Şəkillərdən aydın görünür ki, hündür boylu, sağlam bədənli Anar sanki hərb üçün doğulub. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib. AQS-17 silahının “atası”, “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib. A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin

    “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, istimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.

    Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. İyulun 14-də, doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

    Ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Ərkivan qəsəbəsinin mərkəzi küçəsinə şəhidin adı verilib. Yaşadığı evin qarşısında büstü qoyulub.

    Şərəfli, müqəddəs ömür yaşamış Anar kimi qəhrəmanlarımızın həyat yolunun bugünkü gənclərə, o cümlədən gələcək nəsillərə örnək olduğunu bildirən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, rayonda mütəmadi olaraq şəhidlərin xatirəsinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. O, deyib ki, bu günlərdə Anar Novruzovun anadan olmasının 45 illiyi ilə əlaqədar onlayn qaydada keçirilən şahmat üzrə rayon birinciliyi, şeir müsabiqəsinə yekun vurulub. İdarə rəisi və Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirov yarışların qalıblırinə doiplomlar təqdim ediblər.

    “Regional Hüquqi İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, “İki sahil” qəzetinin əməkdaşı, yazıçı-publisist Nurəddin Ədiloğlu, jurnalist Əyyar Tahirov, ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov, şəhidin bacısı qızı Könül Qənbərova, “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nümayəndəsi Azər Əliyev, şəhidin döyüş yoldaşı Ruhid Rüstəmov, Vətən müharibəsi iştirakçıları və başqaları Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş

    zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb, Anar Novruzovla bağlı xatirələrini bölüşüb, igid oğullarımızın şücaət göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad edildiyini qeyd ediblər.

    Mərasimdə çıxış edənlər şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəmanlarımızın and yerinə çevrildiyini diqqətə çatdırıbla. Bildirilib ki, Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzov və onun kimi şəhidlərimiz həmişə yaddaşlarda qalacaq, könüllərdə yaşayacaqlar.

    Şəhidin əmisi Bəyverdi Novruzov, qardaşı Sücəddin Novruzov, şəhidin hərbçi bacısı qızları Afaq və Səbirə Məmmədovalar şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıq ifadə edib, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Masallı Xalq Teatrı üzvlərinin və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib, Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə şəhid Anar Novruzov haqqında nəşr edilən “Akula ləqəbli kəşfiyyatçı” kitabının, “Regional Hüquqi İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çəkilən sənədli filmin təqdimatı olub.

    Akif AĞAYEV,
    jurnalist






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR