“Səngərdəki yerimə güllə dəyməz bir daha!”
Ötən şənbə günü Azərbaycanın 12 güşəsində torpaqlarımız uğrunda canından keçən qəhrəman hərbçilərimizin 40 mərasimi keçirildi, onların məzarları ziyarət edildi, xatirələri hörmətlə anıldı. Erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan mayor Anar Novruzovun boya-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsində keçirilən 40 mərasımində biz də Bakıda yaşayan masallılı ziyalıların təmsilçisi kimi iştirak edirdik. Dəfn günü olduğu kimi, 40 mərasimində də şəhid mayorun məzarının ətrafı çox izdihamlı görünürdü.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər şəhid mayor Anar Novruzovun məzarı üzərinə tər gül dəstələri düzərək ruhuna dua oxudular. Mərasimdə şəhidin döyüş yoldaşları, Qarabağ qaziləri mayor Anar Novruzov barədə öz xatirələrini bölüşdülər, şəhid Əlvan Bağirov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin şagirdləri şəhidin məzarı önündə ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Çoxlu əklillər və gül-çiçəklər düzülmüş məzarın yanında düzəldilmiş xüsusi yerdə qoyulmuş "Xatirə kitabı”na yaxından-uzaqdan gələn ziyarətçilərin ürək yanğısı ilə yazdıqları sözləri həyəcansız oxumaq olmur. Göygöl rayonundan Z. Abdullayev adına 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ramin Hacıyev yazıb: "Əziz qardaşım Anar! Sizin və yoldaşlarınızın bu ilin iyul ayında Tovuz rayonu ərazisində gedən döyüşlərdə göstərdiyiniz igidliklər Azəbaycanın hərb salnaməsinə yeni səhifə kimi daxil oldu. Siz şəhid oldunuz, lakin mənfur, hiyləgər düşməni sərhədlərimizi keçib torpaqlarımıza girməyə qoymadınız. Öz cəsarətinizlə bir daha göstərdiniz ki, Vətən candan da əzizdir. Bütün Azərbaycan xalqı indi sizin şücaətinizdən danışır. Belə zabitləri, igid oğulları olan xalq hökmən düşmən üzərində qələbə çalacaq, əzəli torpaqlarımız olan Qarabağı geri qaytaracaqlar. İnanırıq ki, o gün uzaqda deyil.”
Döyüşçü yoldaşı Qadir Həbibov isə belə yazıb: "Rəis, salam! Sənin məzarın başında durub sənə baş əyirik. Sən bizim üçün nümunəvi, unudulmaz bir komandir idin. Nə qədər canımızda can var, qəlbimizdəsən. Sənin qalxdığın uca şəhidlik zirvəsinə yüksəlməyi özümə də arzulayıram. Ruhun şad olsun!”
Şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, şəhid polkovnik İlqar Mirzəyevin qardaşı Rafael Əsədov, xidmət yoldaşı polkovnik-leytenant
Loğman Xanlarov isə öz hisslərini belə ifadə etmişlər: "Torpaq su ilə yoğrulanda palçıq, qanla qarışanda isə Vətən olur. Torpağı qanı ilə Vətən edənlərdən biri də Anar qardaşımız, sənsən. Allah sənə rəhmət eləsin! Ruhun şad olsun!” Bu sətirləri oxuduqca sanki şəhid Anarın ruhunun pıçıltısını da eşidirəm:
Səngərdəki yerimə
Güllə dəyməz bir daha!
O yerdə olanlardan -
Danışmışam Allaha!
...Qulluq etdiyi 26 il ərzində həmişə özündən yuxarı vəzifəli komandirlərin tapşırıqlarını vaxtında və yüksək keyfiyyətlə yerinə yetirən kəşfiyyatçı zabit Anar Novruzov siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinədək yüksəlmişdi. Silah yoldaşlarının xatirələrini dinləyərkən gözlərimiz önündə tabeliyindəki əsgərlərə, gənc zabitlərə tələbkarlıqla yanaşmaqla bərabər, onlara ata, böyük qardaş qayğısı göstərən bir sərkərdə obrazı canlandı. Onun ən yaxşı xüsusiyyətlərindən biri həmişə öyrənməyə can atması olub. Zabit yoldaşları Anar Novruzovun müasir silahların ən kamil bilicisi olduğunu, eyni zamanda, döyüşkənliyinin, mübarizliyinin ona "Akula” ləqəbini qazandırdığını qeyd edirlər. Hiyləgər düşmən kəşfiyyatçı mayorun nəyə qadir olduğunu bilərək onun başı üçün xüsusi mükafat da təsis edibmiş.
Onu da qeyd edək ki, 40 gün ərzində mayor Anar Novruzovun məzarını Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Heydər Əliyev Fondunun nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailə üzvləri, Milli Məclisin deputatları Fəzail İbrahimli, Qənirə Paşayeva, Cavanşir Paşazadə, Musa Qasımlı, Razi Nurullayev, Milli Məclisin sabiq üzvü Əliməmməd Nuriyev,“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və yüzlərlə tanınmış ziyalılarımız, ehtiyatda olan zabitlər ziyarət edib, şəhidin ailə üzvləri ilə görüşüb, onlara dərin hüzünlə başsağlığı veriblər.
Masallı Xalq Teatrı kollektivinin mayor Anar Novruzova ithaf etdiyi “Qisas andımızdır” adlı virtual tamaşa-kompozisiyası canlı nümayiş olunub. Masallı Dövlət Regional Kollecinin tələbələri isə şəhid mayorun xatirəsinə “O, şəhiddir, ölməzdir” virtual kompozisiyasını təqdim ediblər.
Ərkivan qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Sabiq Cahangirov, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, bir qrup hərbçilərlə birlikdə mayor Anar Novruzovun ata ocağını da ziyarət etdik. Şəhid mayorun 13 yaşlı oğlu Nihadın hərbçi olmaq, 44 yaşında şəhidlik zirvəsinə ucalan atasının və onun şəhid olmuş döyüş yoldaşlarının qisasını almaq arzusunda olduğunu öyrəndik. Şəhid mayorun qardaşı Sücəddin Novruzov dedi ki, Masallının Qasımlı kəndində yaşayan Rəssamlıq Akademiyasının tələbələri Aqşin və Müstəqil Ağayev qardaşları mayor Anar Novruzovun büstünü hazırlayıblar. Büstün qoyulacağı abidə kompleksində Tovuz, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş ərkivanlı igidlərin hər birinin qara mərmərdə surəti öz əksini tapacaqdır.
Mayor Anar Novruzovun 40 mərasimində bir daha orduyla xalq birliyinin şahidi olduq. Şəhid mayorun qardaşı Sücəddin Novruzov mərasimə gələn hərbçilərə “Uzaq yol gəlmiziniz, heç olmasa 2-3 saatlığa İstisu meşəsindəki istirahət mərkəzində dincəlin.” Onlar hamısı bir nəfər kimi: Sağ olun, biz hərbi hissəmizə dönməliyik” deyib yola düşməyə hazırlaşırlar.
Biz də Bakıdan gələn ziyalılar adından şəhidin ailə üzvlərinə başsağlığı verib, Allahdan bütün şəhidlərimizə rəhmət dilədik: “Vətənpərvər Azərbaycan oğullarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.”Nurəddin ƏDİLOĞLU
yazıçı -jurnalist
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR