Milli Məclisin deputatları Qənirə Paşayeva, Anar İsgəndərov, Məşhur Məmmədov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzovun Masallı rayonu Ərkivan qəsəbəsindəki evini ziyarət ediblər. Deputatlar şəhidin həyat yoldaşı, oğlu, bacısı, qardaşları ilə görüşüblər.
Deputat Qənirə Paşayeva şəhid mayorun evini ziyarət etməyin, müqəddəs Qurban bayramı günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağın mənəvi borc və unudulmaz gün olduğunu deyib. Anar Novruzov kimi şəhidlərin milli sərvət olduğunu və onların şəhid olduqdan sonra da, qoyub getdikləri ömürlə, əcdadların hərbi ənənələrinə əsaslanan sərkərdəlik bacarıqlarının bir örnək təşkil etdiyini bildirib.
Ən böyük qiymətin Tanrı tərəfindən – hərbçi istedadı, gözəl ailə, nüfuzedici şəxsiyyət və nəhayət şəhidlik mərtəbəsi ilə verildiyini deyən xanım Paşayeva, dövlətin, xalqın da öz şəhidini bağrına basdığının, xatirəsini uca tutduğunun qürurverici olduğunu deyib.
Deputat Məşhur Məmmədov Azərbaycan – Ermənistan sərhədində erməni tərəfin törətdiyi təxribat vaxtı Tovuz rayonuna getdiyini, həmçinin mayor Anar Novruzovun silahdaşı olmuş, bu döyüşdə canlarını qurban vermiş digər şəhidlərin ailələrinin də ziyarət olunduğunu, belə ziyarətlərin davam edəcəyini və bu addımın bir mənəvi borc olduğunu bildirib. Anar İsgəndərov şəhid mayorun ailəsinin qayğıları ilə maraqlanıb. O, qeyd edib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin yüksək diqqətindədir və hər bir deputatın, məmurun da borcu, şəhid ailələrinə münasibətdə dövlət başçısından örnək götürməkdir.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova şəhid mayorun həyat yoldaşı ilə söhbət edərək ailənin qayğıları, övladlarının təhsili ilə maraqlanıb, hər zaman onların yanında olacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.