Ermənistan ordusu Azərbaycanla sərhəddə təxribat törətməkdə davam edir.
İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu coğrafi koordinatlarında mövqe tutublar.
Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.
Baş verən hadisəni Cebhe.info-ya şərh edən politoloq Əziz Əlibəyli hesab edir ki, Ermənistan bu təxribatları törətməklə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarıyla üzərinə götürdüyü öhdəlikləri pozur.
Ekspert bildirib ki, erməni hərbçilərin sərhədi pozması iyunun 20-də Ermənistanda keçiriləcək seçkilərlə bağlı deyil. Rəsmi İrəvanın siyasətinin əsas istiqaməti bölgəyə ABŞ-ın və Fransanın hərbi təmsilçilərinin cəlb etmək, ən azı isə ATƏT-in Minsk Qrupunun fəaliyyətini aktivləşdirməkdən ibarətdir:
“Paşinyanın erməni lobbisinin nümayəndəsi kimi daha qabarıq fəaliyyət göstərdiyini görmək olar. Onlar həm Azərbaycanın mövqelərinə zərbə vurmağa, həm müharibənin nəticələrini aradan qaldırmağa, cəmiyyəti depressiyadan çıxartmaqla Ermənistanı Qərbə yönləndirmək istiqamətində birgə addımlar atırlar. Bütün bunlar isə Rusiyanın maraqlarına, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nəzəriyyəsinə və Ermənistanın KTMT qarşısındakı öhdəliklərinə ziddir. Ona görə də prosesin seçkidən sonra səngiyəcəyini düşünmək olmaz. Fransa Prezidentinin səsləndirdiyi fikirlər göstərir ki, onlar başqa düşüncənin sahibidirlər.
Ermənistan ümid edir ki, Fransanın regiona dönüşü proseslərə ya birbaşa, ya da ATƏT-in Minsk Qrupu çərçivəsində müdaxilə etməsinə imkan verir. Sərhədlər məsələsi, terrorçuların qaytarılması ilə bağlı Moskvada aparılan danışıqlar, minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı müzakirələr ümumi prosesin tərkib elementləridir. Əsl məsələ Ermənistan uğrunda savaşın kəskin mərhələyə keçməsindən ibarətdir”.
Əziz Əlibəyli hesab edir ki, əgər seçkilərdə eks-prezident Robert Köçəryan hakimiyyətə gələrsə, Azərbaycanla Rusiyanın maraqlarının üst-üstə düşməsi müəyyən müsbət nəticələr əldə etməyə ümid yarada bilər. Amma politoloqun fikrincə, Köçəryanın maxinasiyaya yol verməklə 10 noyabr razılaşmasından yayınacağı da da gözləniləndir:
“10 noyabr bəyanatına Paşinyan imza atdığına görə hökumət dəyişərsə, həmin öhdəliklərdən yayınacaq. Bu halda müharibə qaçılmaz ola bilər. Əgər Paşinyan seçkilərdə qalib gələrsə, onun da əvvəlki öhdəliklərə əməl edəcəyinə çox ümid etmək mümkün deyil. Çünki Paşinyanın arxasında dayanan gücün, əsasən də bölgəyə müdaxilə etməyə çalışan Fransanın konkret addımlar atması bu prosesin 20 iyundan sonra da uzanacağını deməyə əsas verir. Ermənistan uğrunda geosiyasi rəqabətin dərinləşməsindən istifadə edən Paşinyan bu dividentləri həm Azərbaycana, həm də Rusiyaya qarşı istifadə etmək niyyətindədir”.