Qusar şəhər 3 nömrəli tam orta məktəbində təşkil olunan yarışda Qusar rayonunun Hil, Həzrə kəndlərindən və Qusar şəhərindən olan 40 nəfər yeniyetmə və gənc 8 komanda tərkibində mübarizə aparıb.
QHT.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd ekoloji biliklərin, Azərbaycan coğrafiyasının, flora və faunasının gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.
Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşı Nəzirə Babayeva bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu yarışın yeniyetmə və gənclərə ekoloji maariflənmənin vacibliyini diqqətə çatdırmaq baxımından böyük əhəmiyyəti var.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Qusar rayonunun Hil kəndini təmsel edən “Qartal” komandası qazanıb. Qusar şəhər 2 nömrəli tam orta məktəbinin “Gənclər” komandası ikinci, Qusar rayonunun Həzrə kənd tam orta məktəbinin eyniadlı komandası üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “EKO-BREYN” – yaşıl yurdum festivalı adlı layihə çərçivəsində bu günə qədər Xaçmaz rayonunda da seçim turu.keçirilib. Quba rayonunda keçiriləcək növbəti seçim turundan sonra final mərhələsinin oyunları start götürəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.