Quba rayon Zərdabi qəsəbə tam orta məktəbində təşkil olunan yarışda Quba Zərdabi, Barlı qəsəbələrindən, Əliməmmədoba, Hacıhüseynli, Qımılqışlaq, Alpan, Digah və Amsar kəndlərindən və Quba şəhərinin müxtəılif ümumtəhsil məktəblərindən olan 80 nəfər yeniyetmə və gənc 16 komanda tərkibində mübarizə aparıb.
QHT.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd ekoloji biliklərin, Azərbaycan coğrafiyasının, flora və faunasının gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Quba rayonunun Qımılqışlaq kəndini təmsil edən “Qımılqışlaq” komandası qazanıb. Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin “Carpe Diem” komandası ikinci, Hacıhüseynli kənd tam orta məktəbinin “Turan” komandası üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “EKO-BREYN” – yaşıl yurdum festivalı adlı layihə çərçivəsində bu günə qədər Xaçmaz və Qusar rayonlarında da seçim turları.keçirilib. Hər bir seçim turunun qalib və mükafatçıları, eləcə də mükafatçılar sırasına düşməyən yüksək bal toplayan ümumilikdə 11 komanda Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.