RSXM-də AMEA-nın Yer Elmləri bölməsinin iclası keçirilib
Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyevin sədrliyi ilə keçirilən iclasda Elm və Təhsil nazirliyinin Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, AMEA-nın “Elektron akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmanov, BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov, AMEA-nın Yer elmləri bölməsinin və RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, mərkəz əməkdaşları iştirak ediblər.
İclasda AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Mərkəzin 2024-cü il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinə dair yekun hesabatını təqdim edib. Baş direktor öz çıxışında il ərzində mərkəzə AMEA və digər təşkilatlardan daxil olan sənədlərin icrası haqqında məlumat verib.
Professor Qurban Yetirmişli 2024-cü il ərzində mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və əldə olunmuş nəticələr haqqında da ətraflı məlumat verib.
Baş direktor həmçinin 2024-cü il ərzində hesabat gününə qədər qeydə alınan zəlzələlər haqqında da danışıb. Onun sözlərinə görə, 2024-cü il ərzində 12875 yeraltı təkan qeydə alınıb. Onlardan 5519-u yerli, 4246-ı regional, 3110-u uzaq zəlzələlərdir.
Bununla yanaşı, 1729 yeraltı partlayış qeydə alınıb. İl ərzində Azərbaycan ərzisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ qeydə alınıb. Hesabat gününə qədər Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb. 2024-cü ildə hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Bu zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb. Lənkəranda qeydə alınan zəlzələnin maqnitudası 5,3 olub.
2024-cü il ərzində Talış zonası, Şamaxı-İsmayıllı, Şirvan ərazisi, Quba - Qusar zonası, Kiçik Qafqaz və Kür ovalığı, Balakən-Gürcüstan, Xəzərin cənub hissəsi yüksək seysmikliklə səciyyələnib. Gürcüstan, Gürcüstan-Ermənistan, İran ərazilərində seysmiklik yüksək müşahidə olunub.
Professor Qurban Yetirmişli çıxışında həmçinin baş vermiş zəlzələlərinin ocaq mexanizmlərinin öyrənilməsi, il ərzində respublika ərazisindəki geofiziki poliqonlarda aparılan tədqiqat işləri, mərkəzin beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər, elektron elmin vəziyyəti, mərkəzin fəaliyyəti ilə bağlı sosial şəbəkə və digər platformalarda aparılan işlər, mərkəz əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə RSXM-də keçirilən ixtisas və xarici dillər üzrə kurslar, gənc alim və mütəxəssislərin yerli elmi tədbirlərdə iştirakı, kadr potensialının yüksəldilməsi istiqamətində həyata keçirilən işlər haqqında da ətraflı danışıb.
Hesabatın təqdimatından sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. Elm və Təhsil nazirliyinin Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən görülən işlər və aparılan tədqiqatlarla bağlı öz fikirlərini açıqlayıblar.
İclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan elmi tədqiqat işləri haqqında çıxış edib. Mərkəzdə aparılan elmi tədqiqatlarda müasir dövrün tələblərinə uyğun cihaz və avadanlıqlardan, eləcə də məlumatların emalında müasir informasiya texnologiyaları və proqramlarından istifadə olunduğunu bildirən AMEA-nın vitse-prezidenti 2024-cü ildə görülmüş işləri müsbət qiymətləndirib.
Çıxışlardan sonra hesabat yekdilliklə qəbul olunub.