Etibar ƏliyevBöyük alman filosofu Teodor Adorno yazırdı: "Osvensimdən sonra artıq şeir yazmaq mümkün deyil". Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Haynrix Böll Adornoya cavab verdi: "Mən bu fikri dəyişirəm. Osvensimdən sonra nəfəs almaq, yemək, sevmək, oxumaq olmazdı. Kim birinci nəfəs alıb, papiros yandırıbsa, o, yaşamağa, oxumağa, yazmağa, yeməyə və sevməyə qərar verib."
Adama elə gəlirdi ki, 20 Yanvardan sonra şeir yazmaq, nəfəs almaq, yemək, sevmək, oxumaq mümkün olmayacaq. Bəli, nəfəs aldıq, yaşadıq, oxuduq, sevdik, şeir yazdıq, yaddaşımızda saxladıq... Hamlet Xanızadə kimi nəhəng aktyordan tutmuş, 1000-lərlə insan bu faciəyə dözmədi, vəfat etdi. Böyük şairimiz Bəxtiyar Vahabzadə də daxil olmaqla 20 Yanvar faciəsinə 100-lərə şeir həsr olundu.
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bəxtiyar Vahabzadə