AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qalada Əncir festivalı

  • + A
  • - A
  • Bu gün, 15:37

    Qalada Əncir festivalı

    7 sentyabr 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı baş tutdu.
    Abşeronun təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ etməyi hədəfləyən bu festival, yerli sakinlərin, fermerlərin, turistlərin və media nümayəndələrinin böyük marağına səbəb oldu.
    Festival çərçivəsində iştirakçılar əncirin mətbəxdə və təbiətdə rolu, həmçinin sosial və mədəni əhəmiyyəti ilə yaxından tanış oldular. Yerli şeflərin təqdimatında keçirilən kulinariya şouları zamanı əncirdən hazırlanan müxtəlif yeməklər nümayiş etdirildi və dadım nümunələri təqdim olundu. Festivalın şef arenaları bölməsində İçərişəhərdə fəaliyyət göstərən “Shakh Garden”, “Qəbələ”, “La Quzu”, “Pendir Çörək”, “Çay bağı 145” restoranlarının peşəkar aşpazları tərəfindən əncir əsaslı yeməklərin hazırlanması nümayiş etdirildi və mətbəx həvəskarlarına praktiki məsləhətlər verildi. Bu fəaliyyət həm peşəkar, həm də həvəskar iştirakçılar üçün əsl təcrübə fürsətinə çevrildi.
    Tədbir çərçivəsində qadın sağlamlığına dair xüsusi müzakirə paneli təşkil edildi. Ənənəvi təbabət və müasir tibbi yanaşmaların bir araya gətirildiyi bu sessiyada iştirakçılar ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı qazandılar.
    Uşaqlar üçün isə “Nənənin nağılları” adlı xüsusi proqram həyata keçirildi. Qədim Abşeron nağılları balaca ziyarətçilərə nəql olundu, regionun zəngin folkloru və mədəni irsi tanıdıldı. “Müdriklik Ağacı” və meditasiya guşəsi də festivalın diqqətçəkən məkanlarından biri oldu.
    Festivalda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutları – Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Baytarlıq, Heyvandarlıq və Bitki Mühafizəsi Elmi-Tədqiqat İnstitutları öz fəaliyyət istiqamətləri üzrə təqdimatlarla çıxış ediblər. İştirakçılara bu institutların meyvəçilikdə innovativ yanaşmalar, üzümçülük və şərabçılıqda yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik üsulları, baytarlıq və heyvandarlıqda sağlamlıq xidmətləri, həmçinin bitki mühafizəsi sahəsində qabaqcıl həllər barədə məlumatlar təqdim olunub.
    Bununla yanaşı festivalda, tingçilik və bitki mühafizə şirkətləri də öz məhsul və xidmətlərini sərgiləyiblər.
    Tədbirdə Aqrar Xidmətlər Agentliyi də iştirak edərək fermerlərə göstərilən xidmətlər – bitki sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri, torpaq və su analizi, baytarlıq və fitosanitar xidmətlər barədə məlumat verib.
    Festivalın sonunda Qala Qoruğunun ərazisində əncir tingləri əkildi, bu da tədbirin davamlılıq və təbiətə töhfə prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Daha sonra böyük süfrə başında əncir əsaslı ləzzətli təamlar iştirakçılara təqdim olundu.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR