AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda da boş qalan dairələrdə deputat seçkisi ola bilərmi? - AKTUAL

  • + A
  • - A
  • 22-06-2021, 19:40

    Azərbaycanda da boş qalan dairələrdə deputat seçkisi ola bilərmi? - AKTUAL

    Pandemiya aradan qalxmasa da qonşu dövlətlər olan İranda və Ermənistanda ölkəmiqyaslı seçkilər keçirildi. Bundan öncə də Moldovada və digər bir sıra dövlətlərdə pandemiya şəraitində seçkilər təşkil edildi. Azərbaycanda isə 5 seçki dairəsində təkrar deputat seçkiləri keçirilməlidir.

    Lakin 1 il yarıma yaxındır məsələ açıq qalıb. Təkrar seçkilərin keçirilməməsinə heç bir rəsmi səbəb göstərilməyib. Sadəcə olaraq, hakimiyyət deputatları açıqlamalarında koronavirus təhlükəsini və karantin rejimini, ötən ilin payızında isə müharibəni seçkilərə getmək barədə qərarın yubanmasına səbəb olaraq bildiriblər.

    Lakin yuxarıda qeyd etdiyimiz kimi, bir sıra dövlətlər karantin şəraitində ölkə miqyaslı seçkilər keçirirlər. Koronavirusa görədirsə, o ölkələrdə də korona var, həm də bizdən çoxdur. Onda nədən bizdə seçkilər keçirilmir? Bəlkə hakimiyyət bu mərhələdə ölkənin siyasi baxımdan aktivləşməsini məqbul bilmir?
    Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, pandemiya aradan tam qalxmasa da bir sıra ölkələrdə seçkilər keçirildi və heç bir problemlər yaşanmadı: “Azərbaycanda cəmi beş seçki dairəsində təkrar deputat seçkiləri keçirilməlidir. Bu seçki dairələrində seçiciləri Milli Məclisdə heç kim təmsil etmir. Qanunvericiliyə görə bu seçki dairələrində təkrar seçkilər keçirilməlidir. Amma bu barədə rəsmi orqanlar susmağa üstünlük verirlər. Bir ara ciddi koronavirus təşvişi hökm sürürdü, sonra Vətən müharibəsini yaşadıq. Bunlar anlaşılandır. İndi isə elə bir təhlükə yoxdur və çox rahatlıqla beş seçki dairəsində seçkiləri keçirmək mümkündür. Hakimiyyət buna gedəcəkmi? Maraqlı sual budur. Prinsipcə, hakimiyyətin yeni seçkilərə ehtiyacı yoxdur. Parlament çoxluğu əlindədir. Təkrar seçkilər keçirilməyə də bilər. Əslində ölkədə yeni parlament seçkiləri keçirilməlidir. Bu parlament üzvlərinin çoxu özlərinin islahata cavab vermədikləri üçün Milli Məclisin buraxılmasına səs verənlərdir. Vətən müharibəsi dövründə də, indi Qarabağın yenidən qurulması dövründə də Milli Məclis üzvlərinin əksəriyyətinin öz vəzifələrinin öhdəsindən gələ bilmədikləri aydın görünür. Bu səbəbdən də ölkədə yeni parlament seçkiləri keçirmək daha doğru yoldur”.

    Tural Abbaslı: “Müxtəlif səbəblər göstərilməklə hakimiyyət deputatlarından 5-6 nəfərinin yeri boşaldılmaqla parlamentə 5 yox, 10-12 yeni deputatın seçilməsi lazımdır”
    AĞ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, karantin şərtləri, koronavirus Azərbaycanda cəmi 5 seçki dairəsində keçiriləcək təkrar seçkilərə maneçilik törədə bilməz: “Seçkilər olsa, hətta insanların bir çoxu seçki keçirildiyini gündəlik həyatlarında hiss eləməyəcəklər. Seçki məntəqələrində basabas olası deyil. Mən düşünmürəm ki, seçkilərin keçirilməməsi ölkədə siyasi aktivliyin artacağından ehtiyatlanma ilə əlaqədardır. Deputatsız olan dairələrdən ikisi Bakıdadır, üçü isə ayrı-ayrı rayonlardadır. Bu seçki dairələrində seçki keçirilsə, kütləvi yoluxmadan söhbət gedə bilməz. Artıq pandemiyaya görə seçkilərin keçirilmədiyi kimi səbəb göstərməyə ehtiyac yoxdur. Qanunvericilikdə də hər hansı səbəbdən deputatsız qalan dairədə seçkilərin hansı müddətdə keçirilməsinin vacibliyi əksini tapıb. Məncə, təkrar seçkilərin keçirilməsinin hələ də yubanması daha çox siyasi qərardır. Dövlətçilik baxımından da boş qalan 5 dairədə seçkinin keçirilməsi vacibdir. Beş deputat 250 minə yaxın seçicinin təmsilçisi deməkdir. Bu gün parlamentdə 250 minə yaxın seçicinin təmsilçisi yoxdur. Azərbaycanda 10 milyon əhali var, deputatların sayı 125-dir. 125 deputat əslində 10 milyonluq ölkə üçün azdır. Bir tərəfdən də indi 125 də deyil, 120-dir. Deputatsız dairələrə seçkilər keçirilsə, siyasi partiyalar iştirak edəcək və partiyaların aktivliyi artacaq. Mümkündür ki, seçkinin nəticələrinə görə parlamentdəki partiyaların sayı da artsın. Bu, həm də dolayısı ilə çoxpartiyalı sistemin inkişafına təsir edəcək. Hesab edirəm ki, sentyabrdan gec olmamaq şərtilə deputatsız olan beş dairədə seçkilər keçirilməlidir. Hətta yaxşı olar ki, müxtəlif səbəblər göstərilməklə hakimiyyət deputatlarından 5-6 nəfərinin yeri boşaldılmaqla parlamentə 5 yox, 10-12 yeni deputatın seçilməsi lazımdır".

    Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib.

    Hələ ki parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib.

    Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş seçki dairəsində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir. Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir.

    Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir.
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR