Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020/2021-ci tədris ili yaz semestrinin başa çatması ilə əlaqədar onlayn iclas keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iclasda çıxış edərək, yaz semestrinin, eyni zamanda, yay imtahan sessiyasının müvəffəqiyyətlə başa çatması münasibətilə təbriklərini bildirib.
A.Şirinov Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması, həmçinin dərslərin əyani formada başlanacağı ilə bağlı tələbələri vaksinasiyada fəal iştiraka səsləyib.
Aİİ rəhbəri tələbələrə Aİİ-də həyata keçirilən dil kurslarında, müxtəlifmövzulu müsabiqələrdə fəal iştirak etmələrini tövsiyə edib. O, təhsilalanlar üçün yay və qış məktəblərinin təşkili, həmçinin ölkəmizin müxtəlif bölgələrinə səfərlərin həyata keçirilməsi, Mövlanə və Erasmus+ proqramları çərçivəsində xarici ölkələrdə təhsilin davam etdirilməsi məsələlərinə toxunub.
İnstitut rektoru daha sonra keçən yay imtahan sessiyasında tələbələrin göstəricilərinə əsasən müxtəlif adlı təqaüdlərə layiq görülənləri təbrik edib.
Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG) əsasən, təhsilalanlara tələbə təqaüdləri ilə yanaşı, adlı təqaüdlər də verilir.
İclas tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.