Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür. Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir. Mərkəzdə toxum götürülən heyvanların saxlanıldığı tövlədən normalara uyğun müvafiq məsafədə yeni alınmış heyvanlar üçün ümumi sahəsi 340,8 kvadratmetr olan karantin məntəqəsi inşa edilib. Laboratoriyada temperatur və havada oksigenin miqdarının təyini avtomatik idarə olunur. Burada azot çəni və azot təchizatı şəbəkəsi qurulub. Laboratoriyada dünyada liderlik edən Fransanın bu sahədə aparıcı olan “İMV technologies” şirkətinin istehsal etdiyi ən müasir avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə fransız texnologiyası üzrə dünya standartlarına cavab verən normativlər əsasında yüksək keyfiyyətli toxum istehsal olunur. Toxumların analizi, keyfiyyətinin yoxlanılması və qiymətləndirilməsi elmin son nailiyyətlərinə əsaslanan İVOS-II cihazı ilə həyata keçirilir. Təchizatına görə MDB dövlətləri arasında ən öndə gedən müasir mərkəzlərdən biridir.
Çoxdan gözlədiyim ziyarət nəhayət bu gün gerçəkləşərək, Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Süni Mayalanma Mərkəzi ilə oldum. Ətraflı məlumata verdiyi üçün, doğma və isti münasibətə görə dəyərli hocam Ramin Abbasov müəllimə təşəkkürlərimi çatdırır, uğurlar arzu edirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.