Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kikboksinq üzrə Bakı şəhər birinciliyində qalib olan məcburi köçkün yeniyetmələrlə görüş keçirilib.
Prezident İlham Əliyevin gənc nəslin sağlam böyüməsinə, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olması üçün şərait yaradılmasına böyük diqqət və qayğı göstərdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə təşəbbüslərinin ölkəmizdə idmanın kütləviliyinin artırılmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə və yaşayış komplekslərində müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir ki, bunlar da, xüsusən, uşaqların və yeniyetmələrin mənəvi-əxlaqi və fiziki sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Kikboksinq üzrə Bakı şəhər birinciliyində mükafata layiq yerlər tutan məcburi köçkün yeniyetmələrə yarışdakı uğurlarına, idmanı və sağlam həyat tərzini təbliğ etdiklərinə görə Dövlət Komitəsinin təşəkkür plaketi təqdim olunub.
Görüşdə, məcburi köçkün yeniyetmələrin məşqçiləri, valideynlər və Dövlət Komitəsinin Vətən müharibəsində iştirak edən əməkdaşları iştirak ediblər.
Xatırladaq ki, məcburi köçkün yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsi istiqamətində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə 2019-cu ildə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edib.
Sonda Dövlət Komitəsinin vətən müharibəsində iştirak edən əməkdaşları ilə birgə xatirə şəkli çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.