İmişli “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 22 oktyabr 2018-ci il tarixində baş tutub.
Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, "ABAD" mərkəzi, Gənc İstedadlar Teatrı, ”ASAN peşə”, ASAN Kafe və ASAN park fəaliyyət göstərir.
İmişli regional “ASAN xidmət” mərkəzi 16 noyabr 2018-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 377 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir.
“ASAN peşə” - ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi üçün yaradılmışdır. Burada gənclərinin dərzi, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.
Kompleksdə 90 nəfər tutumu olan Gənc İstedadlar Teatrı fəaliyyət göstərir.
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafe fəaliyyət göstərir. Bundan başqa əməkdaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün oyun avadanlıqları olan guşə də yaradılmışdır. Xidmət üçün mərkəzə gələn vətəndaşların rahatlığını təmin etmək üçün mərkəz daxilində uşaq guşəsi də fəaliyyət göstərir.
Kompleksin həyətində əməkdaşlar üçün nəzərdə tutulmuş paintball meydançası, eyni zamanda vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün sahəsi 1.5 hektar olan “ASAN park” salınmışdır. Parkın ərazisində fəvvarə, uşaq meydançası, açıq havada konsert meydançası və açıq havada kafe fəaliyyət göstərir. Həmçinin vətəndaşların rahatlığını təmin etmək üçün velosiped və avtomobil dayanacağı da salınmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.