AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt məktəbində şəhidin anim mərasimi keçirilib

  • + A
  • - A
  • 23-10-2021, 11:09


    Bakıdakı 214 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Cavid Həsənovun xatirəsi anılıb.

    Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Nizami rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Nizami rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhidin ailə üzvləri, döyüş və sinif yoldaşları iştirak ediblər.

    Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    İştirakçılar əvvəlcə şəhid C.Həsənovun adını daşıyan sinif otağı və xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanan guşə ilə tanış olublar.

    Məktəbin direktoru Fəttah Fəttayev tədbir iştirakçılarını salamlayaraq Vətən Müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb.

    Mərasimdə çıxış edən BŞTİ-nin müdir müavini H.Əsgərov bu gün dövlətin, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirib.

    Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmağın vacibliyini qeyd edən H.Əsgərov bu işdə təhsil müəssisələrinin mühüm rolundan danışıb. Bildirib ki, məktəbin vəzifəsi təhsil verməklə bərabər, həm də yetişən gənc nəsli vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə edərək layiqli vətəndaş yetişdirməkdir.

    Digər çıxış edənlər Cavidin qısa və şərəfli ömür yolundan, onunla bağlı xatirələrindən danışıblar. Bildiriblər ki, Cavidlə bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə örnəkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Cavidin və bütün Vətən şəhidlərinin xatirəsinin heç bir zaman unudulmayacağını, daim qürur hissi ilə anılacağını diqqətə çatdırıblar.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

    Tədbir zamanı şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

    Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR