Ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər davam edir.
Monitorinqlər çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva inklüziv təhsil təşkil olunan Bakı şəhəri 246 nömrəli məktəb-liseydə olub. Monitorinqlərin gedişi prosesi ilə yaxından tanış olan Mehriban Vəliyeva KİV nümayəndələri ilə görüşüb. Monitorinqlər barədə ətraflı məlumat verən İdarə müdiri bu prosesin xüsusi təhsil müəssisələrini və inklüziv siniflər təşkil olunan məktəbləri də əhatə etdiyini vurğulayıb. Evdə təhsillə bağlı da monitorinqlərin aparılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
M.Vəliyeva uşaqların fiziki, psixoloji, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsini inküziv cəmiyyətin inkişafı istiqamətində dövlət siyasətinin bir istiqaməti olduğunu söyləyib. Hazırda paytaxtda 5 məktəb üzrə 100-dən çox sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunduğunu və 11 tam orta məktəbin nəzdində xüsusi siniflərin fəaliyyət göstərdiyini nəzərə çatdırıb.
Qeyd edək ki, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi və şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir.
Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən 7 komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət, məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.
Onu da qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.