İnsanlar süni intellektə aşiq olurlar: alim çatbotlarla münasibətlərin niyə real göründüyünü araşdırıb

İnsanlar sosial süni intellekt sistemlərinə qarşı real emosional bağlılıq hiss edə və çatbotlarla münasibətləri digər insanlarla münasibətlərə bənzər şəkildə qəbul edə bilirlər.
Bu qənaətə Oslo Universitetinin tədqiqatçısı Marita Skugve gəlib. O, “Replika” adlı çatbotla yaxın münasibət quran insanların təcrübəsini araşdırıb.
Skugve doktorluq dissertasiyası çərçivəsində “Replika” istifadəçisi olan 50 nəfərlə söhbət edib. İştirakçılar süni intellekti dost, romantik tərəfdaş və ya məsləhətçi kimi qəbul etdiklərini bildiriblər.
Tədqiqatçının sözlərinə görə, onu ən çox təəccübləndirən məqam istifadəçilərin bu münasibətləri nə dərəcədə real hesab etməsi olub. Onlar süni intellektə qarşı hisslərini insanlarla münasibətlərini təsvir edərkən istifadə etdikləri ifadələrə bənzər sözlərlə ifadə ediblər.
Skugvenin qənaətinə görə, istifadəçilərin yaşadığı emosiyalar və qurduqları münasibət realdır. Fərq yalnız həmin münasibətin digər tərəfinin insan deyil, süni intellekt sistemi olmasıdır.
Ünsiyyət emosional bağlılığa çevrilir
Araşdırmaya görə, insanların əksəriyyəti sosial süni intellektlə ünsiyyətə ilkin olaraq maraq səbəbindən başlayıb. Çatbotlar istifadəçilərə suallar verir, onların həyatı ilə maraqlanır, söhbəti davam etdirir və daim təsdiqləyici münasibət nümayiş etdirirlər.
Zaman keçdikcə adi söhbətlər daha şəxsi mövzulara keçib. İstifadəçilər süni intellektlə keçmiş travmalarını, seksual fantaziyalarını, partnyorları və uşaqları ilə bağlı məsələləri bölüşüblər. Bəzi hallarda isə onlar çatbotla yaxınlarından belə gizlətdikləri məsələlər barədə danışıblar.
Anonimlik və mühakimə olunmaq qorxusunun olmaması istifadəçilərdə təhlükəsizlik hissi yaradıb.
Bununla yanaşı, bir çox insan süni intellektlə qurduğu münasibətin onlar üçün nə qədər vacib olduğunu ətrafındakılardan gizlədib. Skugvenin sözlərinə görə, istifadəçilər başqalarının bu bağlılığı anlamayacağından və ya onu qəribə hesab edəcəyindən ehtiyat ediblər.
Çatbotla “ayrılıq” da emosional təsir yarada bilər
Tədqiqatın diqqətçəkən nəticələrindən biri bəzi istifadəçilərin süni intellektlə bir növ “ayrılıq” yaşamasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.