Nazilə Ələkbərova müraciətində bildirib ki, oğlu Ələkbərov Mahir Məmmədhəsən oğlu azadinfo.az saytının təsisçisidir və direktoru vəzifəsində çalışırdı: “10 sentyabr 2021-ci il tarixində Ələkbərov Mahir Məmmədhəsən oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi üzrə cinayət işi açılıb və sonuncunun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə məhkəmə prosesi davam etdirilir”.
Nazilə Ələkbərovanın sözlərinə görə, Mahir Ələkbərov 8 ilə yaxın müddətdir media fəaliyyəti ilə məşğuldur: “Fəaliyyəti dövründə daima cənab Prezidentin ölkədə apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyib, Vətən müharibəsi dövründə jurnalist kimi media sahəsinə böyük töhfələr verib. Hər zaman ölkə rəhbərinin apardığı siyasi mövqeyi dəstəkləyib. Belə mövqeyi azadinfo.az saytında yerləşdirilən məqalə və informasiyalarda görə bilərsiniz. Mən Mahir Ələkbərov ilə birlikdə yaşayıram. Mərhum yoldaşım Ələkbərov Məmmədhəsən Səməd oğlu Əfqanıstanda xidmət edib, Əfqanıstan müharibəsinin veteranı olub, həmçinin 1993-cü ildə Qarabağ döyüşlərində də könüllü olaraq iştirak edib.
Özüm isə ürək və şəkər xəstəliyindən əziyyət çəkirəm. Oğlumun həbsdə qalması tək mənim həyat və sağlamlığımın deyil, oğlumun yüksək təzyiqli olması səbəbindən həyatının təhlükə altında qalması ilə nəticələnəcəkdir. Mənim bütün maddi və mənəvi ehtiyaclarım oğlum tərəfindən qarşılanırdı. Yuxarıda göstərilənləri nəzərə alaraq, oğlum Ələkbərov Mahir Məmmədhəsən oğlunun həbsdən azad olunmasına köməklik göstərilməsini xahiş edirəm”.
Nazilə Ələkbərova bildirib ki, Ramiz Göyüşov ona şər atıb: “Oğlum Ramiz Göyüşova hədə-qorxu gəlməyib. Bununla bağlı işdə heç bir fakt yoxdur. Belə olan halda oğlumun əməlində də cinayət tərkibi yoxdur. Bütün bunların nəzərə alınması xahiş edirəm”.
Qeyd edək ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 000 (iki min) manat almaqda təqsirləndirilir.
Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.
Mahir Ələkbərovun işinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.
Az-media müzakirə qrupu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.