Aytəkin Bağırova
ADAU, Marketinq kafedrasının baş müəllimi
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində - Qarabağ savaşında qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq, ədalətli müharibə apararaq torpaqlarının və ərazisinin bütövlüyünə nail olan Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq böyük inkişaf yolunun başlanğıcındadır. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Bütün istiqamətlərdə öz siyasi və iqtisadi gücünə arxalanan, zəngin mədəniyyəti və təbiət gözəlliklərinin dünyada təbliğ edilməsi üçün geniş işlər görən Azərbaycanın, arqoturizm sahəsində də rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici aqroturizm məhsulu yaratmaq üçün mühüm amildir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Azərbaycanda turizmin bu və digər turizm növləri ilə yanaşı, aqroturizmin inkişafı üçün münbit şərait mövcuddur. Kənd təsərrüfatı ilə turizm sektorlarının kəsişməsindən meydana gələn aqroturizm kənd turizminin bir növü olmaqla, turistlərin kənd həyat tərzinə cəlb edilməsinin, eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakının təmin olunmasıdır. Aqroturizm həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları cöğrafi baxımdan marketinq şəbəkəsi yaradaraq qarşılıqlı fəaliyyət göstərər, yeni ideya və turizm təklifləri etməklə aqroturizmin daha da canlanmasına öz töhfələrini verə bilərlər.
Prezident İlham Əliyevin «Qarabağımızı cənnətə çevirəcək, dağılmış bütün kəndləri biz bərpa edəcəyik» Böyük Qayıdış konsepsiyasında öz payını dərk edib və bunun şərəf və məsuliyyətini hiss edən aqrar sahə mütəxəssisləri və aqrar sahəyə kadr hazırlığı prosesini həyata keçirən yeganə ali təhsil müəssisə olan Azərbaycan Dövlət Aqrar Universiteti, universitet rəhbərliyinin, şəxsən akademik İbrahim Cəfərovun təklif və təşəbbüsü ilə, Aqrobiznes və İdarəetmə fakültəsinin Marketinq kafedrasının təşkilatçılığı ilə Mayın 20-də «İşğaldan azad edilmiş ərazilərdə aqroturizm potensialı və inkişaf persktivləri» mövzusunda konfrans keçirmişdir.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Universitetin Marketinq kafedrasının baş müəllim Aytəkin Bağırova çıxış edərək, aqroturizmin ən vacib üstünlüyü yerli məhsullardan və mövcud imkanlardan istifadə etməklə kəndli fermerlərin və ümumilikdə region gəlirlərinin artırılmasına və iqtisadi çətinliyin aradan qaldırılmasına kömək etdiyini bildirib. Turistlərin gəzinti məkanları, demoqrafik, iqtisadi göstəriciləri fərqli olduğu kimi onların səyahət etmək maraqlarının da – xüsusi marketinq seqmenti olaraq fərqli olduğunu söyləyən A. Bağırova turistlərin bu emosional ehtiyaclarının araşdırılmasında və mövcud potensial imkanlar vasitəsilə ödənilməsində xüsusi hazırlıq keçmiş gənc mütəxəssislərə ehtiyac duyulduğunu qeyd edib.
Konfransda həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr və magistrləri ilə yanaşı Azərbaycan Texnologiya Universitetinin tələbələri də iştirak ediblər.
Aytəkin Bağırova
ADAU, Marketinq kafedrasının baş müəllimi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.