Əksər valideynlər gününü kompüter qarşısında keçirib övladlarını 1-ci sinfə qəbula yazdırmaq istəsə də, təəssüf ki, bəzən məyus olurlar. Çünki məktəbəqədər hazırlıq kurslarına getməyən, yaxud ödənişlə başqa yerlərdə hazırlığa gedən uşaqları 1-ci sinifdə təhsil almaq üçün qeydiyyatdan keçən valideynlərə "yer yoxdur" cavabı verilir. Bu zaman valideyn məcbur qalır, ərazidə başqa məktəblərlə maraqlanır. Əksər ailələr var ki, böyük övladları təhsil alan məktəbə kiçik övladlarını da göndərmək istəyir, lakin yerlərin dolması cavabını alırlar. Bəs bu situasiya ilə üzləşən valideynlər nə etməlidir?
Azadmedia.az bu sualla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədova müraciət edib. Bəşarət müəllim sorğuya cavab olaraq bildirib ki,
ailənin bir övladı məktəbdə oxuyursa, qaydalara görə digər övladının da həmin məktəbdə təhsil almasına imkan yaradılır. Həmin valideyn məktəbə qeydiyyat üzrə elektron sistemdəki Şəxsi Kabinetinin Əlaqə bölməsinə bu haqda yazır və məsələ müvafiq işçi qrup tərəfindən aydınlaşdırılır.
Saytımıza müraciət edən Ağazadə Zəminə xanımın 2 övladı 5 nömrəli orta məktəbdə təhsil alsa da, hələki oğlunu 1-ci sinfə qəbula yazdıra bilmir, "yer yoxdur" cavabı alır. İnanırıq ki, adıçəkilən məktəb qaydalara əməl edərək valideynin 2 övladının orda təhsil almasını nəzərə alıb, Ağazadə Mehdi Şahlar oğluna da 5 nömrəli orta məktəbdə təhsil almağa imkan yaradacaqlar.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.