YAŞAT Fondu Şəhid Rahib Babayevin bugun həyat yoldaşının ittihamlarına cavab olaraq ailəyə etdikləri maddi dəstəyin hesabatını təqdim etdi.
O hesabatı təqdim edirik:
Şəhidimiz Rahib Babayev Bəxtiyar oğlunun ailəsi mütəmadi olaraq Fondun diqqət mərkəzindədir.
Şəhidimizin həyat yoldaşı Aygün Babayevanın müraciəti əsasında məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 10 000 AZN vəsait onun bank hesabına köçürülüb.
Şəhidimizin övladları İbrahim Babazadə və Mələk Babayevanın 2021-ci ildən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil almaları Fond tərəfindən təmin olunur.
Belə ki, İbrahim Babazadənin təhsili üçün bu günədək 31 200 AZN dəyərində vəsait Fond tərəfindən ödənilib. Babayeva Mələk Rahib qızının isə 24 000 AZN təşkil edən təhsil haqqı “YAŞAT” Fondu ilə təhsil müəssisəsi arasında olan kvota razılaşmasına əsasən müəssisə tərəfindən tam qarşılanıb.
Mələk Babazadə “Teknofest-Azərbaycan” çərçivəsində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasında kurslara da cəlb edilib.
Şəhidimizin ailə üzvlərinin müalicə və psixoloji dəstək istiqaməti üzrə müraciətinə əsasən “Bona Dea İnternational” hospitalında müayinə, dərman və eynəklə bağlı ümumilikdə 963.81 AZN dəyərindəki xərcləri Fond tərəfindən ödənilib.
Şəhidimizin övladlarının Fond tərəfindən həyata keçirilən layihələrdə aktiv iştirakları təmin olunub. Onlar “YAŞAT” düşərgələri, “Bilimdən zəfərə”, “IV Neftçili Yay Futbol Düşərgəsi, “Teknofest-Azərbaycan” və İstanbulda təşkil olunan “Qış düşərgəsi” kimi böyük layihələrdə yer alıblar.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhidimizin övladlarının hər biri ayrı-ayrılıqda hədiyyə qutuları ilə təmin olunublar. 2023-2024 təhsil ilinin başlanması münasibəti ilə bir illik məktəbli ləvazimatları ilə də təmin olunacaqlar.
“YAŞAT” Fondunun büdcəsindən ailəyə bu günədək ümumilikdə 42 463,81 AZN vəsait dəstək olunub.
Fond tərəfindən özəl orta və ali təhsil müəssisələrinə daxil olan şəhid övladlarının təhsil xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. Məktəbəqədər təhsil və bağça təhsili xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanmır.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın hesabatlar (
https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Qeyd: Məqalədə Haldun Novruzzadənin facebook statusundan istifadə edilib.