Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində təhsil alan tələbələrin aylıq 80 manat təqaüdü kimlərinsə gözünə çox görünüb. 2 aydır Kollecə yeni direktor təyin edilib, gələn gündən tələbələr yeniliklər gözləsə də, arzular daşa dəyib, fəaliyyət tələbələrin təqaüdlərin kəsilməsi ilə nəzərə çarpıb.
Bu barədə Azadmedia.az-a müraciət edən tələbələr bildirir ki, böyük məbləğ olmasa da, kurs işləri üçün boya, fırça almağa dəstək idi o pul, onu da 2 aydır bizə çox görüblər. Məsələ ilə əlaqədar Rəssamlıq Akademiyasının mətbuat xidmətinin rəhbəri Günay Əsgərova ilə əlaqə saxıadıq. Günay xanım bildirdi ki, Kollec Akademiyanın nəzdində olsa da, ayrı qurumdu, amma onu deyə bilərik ki, təqaüd Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən kəsilib. Verilməsi üçün müraciət edilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş elektron müraciətimizə cavab olaraq bildirildi ki, hazırda qaldırdığımız məsələ nəzarətdədir. Yaxın günlərdə bu məsələ həllini tapacaq.
Biz də inanırıq ki, təhsildə böyük oyunlar tələbələrin kiçik "kraska pulu" üzərindən oynanılmayacaq, onların təqaüdü son qəpiyinə qədər ödəniləcək.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.