Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi “Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları” layihəsinin icrasına başlayıb.
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev açıqlamasında bildirib ki, 2021-2022-ci illər ərzində gənclər arasında apardığımız sorğuların nəticələri göstərdi ki, region gəncləri daha çox özünü məşğulluq və sahibkarlıq sahələri ilə maraqlanır: "2023-cü ildə bu ideya ilə Agentliyə müraciət etdik. Artıq 2023-cü ilin iyul ayından layihənin icrasına başlamışıq, hazırda layihənin icra planına uyğun olaraq müvafiq sənədləşmə işləri həyata keçirilir. Layihənin əsas məqsədi ölkəmizin Şimal-Qərb bölgəsində (əsasən Şəki şəhərində) yaşayan və yuxarıda qeyd olunan sahələrlə maraqlanan 15-35 yaş yeniyetmə və gənclər üçün karyera, peşə bacarıqları, sahibkarlıq və sənətkarlıqla bağlı mövzularda təlimlərin təşkili, onların təcrübəli Biznes nümayəndələri, dövlət və ictimai təşkilatların nümayəndələri ilə, eləcə də sənətkarlarla görüşlərini təşkil etməkdən ibarətdir. Layihə, yeniyetmə və gənclərin özünü məşğulluq və sahibkarlıq bilik və bacarıqlarının artırılmasına və onların regionun iqtisadi inkişafında aktiv fəaliyyətə cəlb olunmasına istiqamətlənmişdir".
Qeyd edək ki, həmin layihə çərçivəsində təşkil olunacaq təlimlərdə iştirakçılar həm nəzəri biliklərlə maarifləndiriləcək və həm də onlar üçün “Master Klas”-lar təşkil olunacaq. Təlim və görüşlərə uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları və sənətkarlar dəvət olunacaq ki, iştirakçılar daha çox təcrübi əhəmiyyətli bacarıqlar əldə etsinlər. Təlimlərə Dövlət Məşğullu Agentliyindən nümayəndələr dəvət olunacaq və iştirakçılara özünü məşğulluqla bağlı öz məsləhətlərini verəcəklər.
Möhübbəli Nağıyev onu da vurğulayıb ki, tədbirlər yeniyetmə və gənclərin gələcək həyatına, özləri üçün yeni iş yeri yaratmalarına müsbət və effektiv təsir göstərəcəkdir: "“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2006-cı ilin avqust ayında təsis edilmiş və 03 iyul 2007-ci ildə dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almışdır. Fəaliyyət istiqaməti “Ölkədə yaşayan əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının (sahibkarların, fermerlərin, sənətkarların), gənclərin, qadınların, əlillərin hüquqi, təşkilati və sosial-iqtisadi sahələrdə maarifləndirilməsindən və ümumilikdə ölkəmizin iqtisadi inkişafına dəstək olmaqdan ibarətdir. Layihə 2 ay müddətində davam edəcəkdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.