Vahid Abbasovun sədrliyi ilə “
Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi yeni “Bir taleli iki insan” layihəsinin icrasına başladı.
Bu barədə layihə rəhbəri
Məlahət Abdullayeva açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhid əkiz qardaşlar- Nazir və Tacir Allahverdiyevlərin adlarının yaşamasına, xatirəsinin əbədiləşdirilməsinə həsr olunub: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan və cəmi 44 gün davam edərək Zəfərlə başa çatan Vətən müharibəsində məzəffər Azərbaycan Ordusu tariximizə növbəti şanlı səhifə yazdı. Bütün dünya hələ də müharibənin ilk günlərindən döyüş əməliyyatlarına qatılan Vətən oğullarımızın misli görünməmiş qəhrəmanlıqlarından, igidliklərindən, qorxmazlıqlarından, sücaətindən danışır. Vətənin azadlığı uğrunda qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən qəhrəman oğlullarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif olunur, onlar haqqında sənədli filmlər çəkilir, adlarına küçələr salınır, oxuduqları məktəblərə onların adları verilir, onların qəhrəmanlıqları barədə kitablar yazılır. Qəhrəmanlarımız çoxdur, onların hər birinin həyatı ayrılıqda bir romanın mövzusudur. Hətta bir ailədən iki-üç nəfər Vətən müharibəsində iştirak edib, şəhid olanları da var. Onları ictimaiyyətə təqdim etmək, onların xatirəsini əbədiləşdirmək üçün barələrində yazılası kitablara, çəkiləcək filmlərə ehtiyac çoxdur. Nazir və Tacir Allahverdiyevlər də belə oğullardandır. “Bir taleli iki insan” adlı sənədli film çəkiləcək və ictimaiyyət təqdim olunacaq”.
Məlahət Abdullayeva həmçinin qeyd edib ki, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin tanıdılması, xatirəsinin əbədiləşdirilməsi hər birimizin borcudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.