"Ürək-damar xəstəliklərinin müasir aspektləri" mövzusunda elmi-praktiki konfrans keçirilib. İki gün davam edən tədbirdə
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli də iştirak edib.
Ürək-damar sistemi xəstəliklərinin dünyada və ölkəmizdə geniş yayıldığını xatırladan H.İbrahimli icbari tibbi sığorta çərçivəsində bu xəstəliklərlə mübarizə ilə bağlı görülən işlərdən söz açıb:
"Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatların 70-dən çoxu ürək-damar sistemində aparılan əməliyyatlardır. Bunların sırasında aorta-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və bərpası, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, ürək damarlarına stentlərin yerləşdirilməsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və bir sıra digər əməliyyatlar daxildir". Qeyd edək ki, ötən il dövlət tibb müəssisələrində ürək-damar sistemində aparılan əməliyyat və prosedurların sayı 7000-dən çox, cari il ərzində bu rəqəm 4500-dən çox olmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.