Lənkəran şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans iyulun 12-də öz işinə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov milli-mənəvi dəyərlərimizin bərpasının, dövlət-din münasibətlərinin formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Natiq bu gün respublikamızda dini dəyərlərə hörmətlə yanaşıldığını, tolerantlıq modelinin mövcud olduğunu da diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Ümummilli Lider xalqımızın azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu böyük uzaqgörənliklə müəyyən etmişdir. S. Salahlının sözlərinə görə, milli-mənəvi, o cümlədən dini dəyərlərimizə qayıdışın Azərbaycan xalqı üçün gərəkliliyini nəzərə alan Ümummilli Liderimiz bu sahədə əvəzsiz işlər görmüşdür. DQİDK sədrinin birinci müavini onu da vurğulayıb ki, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atırlar.
S. Salahlı deyib ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, eləcə də təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə üzərinə düşən missiyanı uğurla davam etdirir”-deyə, sədrin birinci müavini əlavə edib.
Sədrin birinci müavini dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, həmçinin milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə də danışıb. Bu istiqamətdə görülən işlərdən bəhs edib.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə, Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev isə çıxışlarda vurğulayıblar ki, Azərbaycanın bütün bölgələri kimi, Lənkəran rayonu da hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Rayonda bütün vətəndaşlara adət-ənənələri və dini ayinlərinin icrası üçün lazımi şərait yaradılıb.
Tədbir çərçivəsində kitab sərgisi keçirilib.
Qeyd edək ki, konfrans işini 13-14 iyul tarixlərində davam etdirəcəkdir.