Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkədə fəaliyyət göstərən müxtəlif media qurumlarının nümayəndələrinin iştirakı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərin, o cümlədən şəhid jurnalistlərin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova açılış nitqi ilə çıxış edib. Z.Ədilova ölkə səhiyyəsində həyata keçirilən islahatların vətəndaşlara çatdırılmasında yaxından iştirak edən media nümayəndələrinə təşəkkür edib və “TƏBİB-in media ilə əməkdaşlıq perspektivləri” mövzusunda təqdimat edib.
“Görülmüş işlər və prioritet istiqamətlər” mövzusunda TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə geniş təqdimatla çıxış edib. F.Həsənzadə TƏBİB-in tabeli tibb müəssisələrində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbir iştirakçılarını salamlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistləri peşə bayramları münasibətilə təbrik edib. Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova “İcbari tibbi sığorta barədə bilmək istədikləriniz” mövzusunda təqdimatla çıxış edib. O, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı müxtəlif informasiyaların yayımlanmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkür edib.
Grammar Azi səhifəsinin yaradıcısı Murad Hüseynov tibb sektoruna aid xəbər mətnlərində ən çox edilən orfoqrafik səhvlərin aradan qaldırılması və bu istiqamətdə jurnalistlərin məlumatlandırılması üçün “Kütləvi informasiya vasitələrində tibbi terminlər” mövzusunda danışıb.
Tədbir bədii hissə ilə davam edib.
Tədbirin rəsmi hissəsində təbrik nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tibb müəssisələrində həyata keçirilən islahatlardan və əldə edilən uğurlu nəticələrin vətəndaşlara çatdırılması istiqamətində media nümayəndələrinin müstəsna rolu olduğunu vurğulayıb:
“Bütün dövrlərdə jurnalistikanın inkişafında siz jurnalistlərin, media nümayəndələrinin böyük rolu olub. Siz dövlət qurumları və cəmiyyət arasında körpü rolunu oynayırsınız. TƏBİB də kütləvi informasiya vasitələrinin hər biri ilə ayrı-ayrılıqda informasiya mübadilə prosesində fəal iştirak edir. Vaxtaşırı jurnalistlərlə görüş keçirib, fəaliyyətimizlə bağlı hər zaman sizi məlumatlandırmağa çalışırıq”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Mətbuat Günü münasibəti ilə bütün problem və çətinliklərə baxmayaraq, öz peşəsinə vicdanla yanaşan jurnalist həmkarlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində təmkin, əzm, şövq və işlərindən zövq almaq sevinci arzulayıb.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ilk olaraq media nümayəndələrini təbrik edib. N.Məmmədli 148 illik Azərbaycan mətbuatının şərəfli inkişaf yolu keçdiyini və bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib.
Sonda bir qrup jurnalistə TƏBİB ilə əməkdaşlığa, tibb sahəsində yeniliklərin işıqlandırılmasında verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub.
Eyni zamanda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan və fəaliyyəti ilə fərqlənən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə də təşəkkürnamə verilib.