Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq münasibətlərdə təkcə siyasi-iqtisadi deyil, eyni zamanda elmi-innovativ xarakterli göstəricilər müstəsna rola malikdir. Elmin inkişaf səviyyəsi ölkəmizin sosial-iqtisadi qüdrətinin, milli təhlükəsizliyinin, bütün sferalarda mədəni tərəqqinin, təhsildə yüksək keyfiyyətin təminatı baxımından əhəmiyyətlidir. Azərbaycanda elmin inkişaf istiqamətləri müəyyənləşdirilərkən maddi-mənəvi dəyərlərin qorunması ilə yanaşı, beynəlxalq arenaya sürətli inteqrasiyası da xüsusi diqqətdə saxlanır. Aparılan tədqiqatların səmərəliliyinin artırılmasına, onların nəticələrinin sosial-iqtisadi və sənaye-istehsalat sahələrində tətbiqinin təmin edilməsinə, tədris prosesinə bağlılığına önəm verilir.
Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr düşür. Bakı Dövlət Universiteti (BDU) Azərbaycanda elmi-texniki potensialın formalaşmasında, qorunmasında, səmərəli istifadə edilməsində yaxından iştirak edir və bu istiqamətdə aparıcı qüvvələrdən birinə çevrilib. BDU-da elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiq edilməsinə, “Universitet-sənaye” tərəfdaşlığı çərçivəsində fəaliyyətin qurulmasına, bu sahədə ölkədaxili və beynəlxalq əməkdaşlığın genişləndirməsinə, dünyanın tanınmış ali təhsil və elmi müəssisələri ilə tələbə-müəllim-tədqiqatçı mübadiləsinə xüsusi diqqət edilir.
Yaxın gələcəkdə “Tədqiqat Universiteti” statusunu almağa hazırlaşan BDU-da həyata keçirilən işlər əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də öz bəhrəsini verib.
*BDU-nun Hirş indeksi 2023-cü ildə 6 bal artaraq 60-a çatıb*
“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi 2023-cü ildə 6 bal artaraq 60 olub. Bununla BDU yenə də Azərbaycan universitetləri arasında öz liderliyini qoruyur. Hər bir əsərə istinadların orta sayı isə 6.12-dən 7.46-ya qədər yüksəlib.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4213 elmi əsər nəşr edilib. Bu əsərlərə 31000-dən çox istinad olunub. Qeyd edək ki, fizika, riyaziyyat, kimya, biologiya, texnika, hüquq, filologiya, iqtisad, Yer elmləri, pedaqogika, psixologiya, siyasi elmlər, tarix, fəlsəfə kimi elm sahələri üzrə 200-ə yaxın mövzuda tədqiqatlar aparılan BDU-da interdissiplinar və multidissiplinar tədqiqatlara üstünlük verilir.
*BDU alimlərinin “Scopus”a daxil olan dərgilərdə indiyədək 10 613, ötən il 623 elmi əsəri dərc olunub*
Fizika və astronomiya, kimya, riyaziyyat, materialşünaslıq, kompüter elmləri, tibb, biologiya, ekologiya, sosial elmlər, humanitar elmlər və elmin müxtəlif sahələrinin qovşağında olan multidissiplinar sahələr üzrə “Scopus” bazasına daxil olan dərgilərdə isə indiyə qədər ümumilikdə 10 613 elmi əsər dərc olunub. Fizika və astronomiya, materialşünaslıq, kimya və riyaziyyat üzrə dərc olunmuş məqalələrin sayı və onlara edilmiş istinadlar digər sahələrlə müqayisədə daha çoxdur.
Klassik universitet olan BDU-da fundamental elmi məktəblərlə yanaşı, multidissiplinar tətbiqi elmlər, o cümlədən mühəndislik üzrə yaxşı elmi məktəblər formalaşıb. Yalnız 2023-cü ildə bu elmi məktəblərdə BDU-nun 12 gənc alimi dissertasiya işlərini tamamlayaraq uğurla müdafiə edib. “Scopus” bazasındakı jurnallarda dərc olunmuş nəticələrin 15%-dən çoxu məhz bu sahələrin payına düşür.
Bu gün BDU tələbəsi elmi seminarlarda və konfranslarda məruzələrlə çıxış edir, müxtəlif elmi-tədqiqat layihələrinə cəlb olunur. Tədris prosesində tələbələrə alınmış elmi nəticələr haqqında məlumatlar verilir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 6 elmi-tədqiqat institutu ilə BDU arasındakı sıx əlaqələr tələbələrin bilavasitə elmi-tədqiqat mühitində formalaşmasına, yeni prioritet elmi istiqamətlərdə elmi məktəblərin yaranmasına şərait yaradıb.
Artıq tibb, mikrobiologiya, farmakologiya, toksikologiya, neyroelm və s. kimi sahələr üzrə “Scopus” bazasındakı jurnallarda dərc olunmuş elmi əsərlərin payı 8-10% təşkil edir.
2023-cü ildə bazaya daxil olan jurnallarda BDU tərəfindən 623 elmi əsər dərc olunub (qeyd edək ki, məlumatlar 2024-cü ilin ilk yarısınadək tamamlanacaq). Dərc edilmiş məqalələrdən 329-u tam açıq girişə malikdir.
Xatırladaq ki, “Scopus” bazasına daxil olan dərgilərdə dərc olunmuş məqalə və onlara istinadların sayına görə BDU Azərbaycan universitetləri arasında yenə də liderdir.
Bir əsrdən çox tarixə malik olan BDU-nun elmi məktəblərinin yetirmələri bu gün Respublikanın və xarici ölkələrin bir çox universitet, elmi-tədqiqat institutu və mərkəzlərində uğurlara imza atmaqdadırlar. Onlar BDU-da aparılan tədqiqatları davam etdirir, alınmış elmi nəticələrin dünya elm arenasında tanıdılması və sənayedə tətbiqi istiqamətində aktiv fəaliyyət göstərirlər.