Apatiya filminin qala gecəsinə qatıldım. Sözün düzü, adından təxmin etmişdim ki, əhvalımı fərah tuta bilməyəcəm. Məlumat üçün bildirim ki, Apatiya ehtirassızlıq, ruhi soyuqqanlıq, hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.
Film Bakının əyri nərdivanları ilə qalxıb-düşülən köhnə evlərdən birnin birotaqlı təmirsiz, loru dildə desək, itin itliyi ilə başını içəri salmaq istəmədiyi otaqda baş verir. Elə ilk dəqiqələrdən monotonluq, rəngsizlik adamı sıxır. Təmirsiz otaq həm də çox pinti ailənin məskənidir. Bura bakılı ata, rayonlu pəzvəng, baxımsız arvadı, (qadın, xanım yazmağa əlim gəımir- müəl) dünyanın bütün gözəlliklərindən məhrum, günahı təkcə bu miskin ailədə doğulmaq olan oğul övladı ilə yanaşı, azyaşlı qızını Rusiyada yaxşı güzaranı olan yaşlı həmkəndlisinə nişanlayan, nişanlı qızın toyu üçün pul qazanmağa gələn fəhlə qardaşı da sığınıb.
Evin kişisi bütün günü siqaret çəkir, son dərəcə şüşəsi qalın eynəkdən güclə görən gözü ilə bütün günü televiziyada Elgizə, Xoşqədəmə baxır. Onların səsi filmboyu tamaşaçının başına düşür, səbrləri daha da daraldır, izləməni yarıda qoyub çıxmağa məcbur edir. Çoxu tərk etdi filmi yarıdan, amma səbrimi basıb oturdum.., yazı yazmaq üçün oturdum...
Qadının əlindən deyinmək, ərini aşağılamaqdan başqa nəsə gəlmirdi, görünən. Gecələr hamısının bir otağa sığınması, yorğun gələn qardaşın xorultusu əsəbləri daha da tarıma çəkir. Ər də, arvad da bir evdə yaşasalar da, bir-birinə yaxın gəlmir, gecənin bir aləmi cinsi təlabatlarını tualetdə mastrubasiya ilə ödəyir. Ardını yazmıram, istəsəz gedib baxarsız filmə.
Doğrudanmı belə şəraitdə yaşayan ailələr var? Kişi işləyə bilmirsə, pis-yaxşı dədəsindən ev qalıb. Qadın gedib işləsə olmazmı? Ən azından fikri dağılar, ortaya normal süfrə salar, evi biraz abra salar. Hələ qardaş... Doğrudanmı ailəli, heç yerdə işləməyən, özü ələ baxan bacının 1 otaqlı evinə özünü pərçim edən qardaşlar varmı? Yeri gəlmişkən, qardaşın unitazda gücənməsi, qarnın getməsinin səsi və görüntüsü nə rəng qatdı filmə? Səbri daralan tamaşaçının ürəyini bulandırmaq nəyə lazım idi?..
Hər kəs evdə söyüşlə, təhqirlə danışır. Belə ailələr varmı? Varsa, dağılması məsləhətdi, ən azından nəsil artırmazlar...
Xoşqədəmlərin, elgizlərin efirləri zəbt etməsi ailələri daha bərbad hala salır. Filmdə qatil də yetişdirdi onların efirləri zəbt etməsinin nəticəsi...
Hə, yadıma düşmüşkən onu da deyim ki, filmdə xüsusi vurğulandı ki, Xoşqədəmə halal olsun, hüquq mühafizə orqanlarının baş vurmadığı künc bucağa da baş vurur, itəni tapır, qatili tapır, yaxşı da hörmət olunur ona. Bu sətraltı kəlmələrdən polislərimiz də, prokurorlarımız da öz payını götürməli, bəlkə də acizliklərini etiraf etməli...
Rejissor da, ssenari müəllifi də əslində miskin bir otaqda çox mesajlar ötürdü cəmiyyətə. Çox ağır film idi. Nəticəsinin olub-olmayacağını zaman göstərəcək bizə. Amma filmdən gəlir əldə olmayacaq, onu bilmək çətin deyil. Baxan kiməsə məsləhət bilməyəcək gedin siz də baxın... Məncə filmi qazanc üçün yox, həyacan təbili çalmaq üçün, lazımi yerlərə lazımi mesajlar ötürməsi üçün ərsəyə gətiriblər.
Ruhdan düşməsinlər, daha samballı, yaradıcı filmlərini gözləyirik.
Elnurə Abuşova