Politico: Yaxın Şərqdəki münaqişə fonunda Avropa enerji qiymətlərini artırmağa hazırlaşır

Avropa Yaxın Şərqdə uzanan münaqişə səbəbindən enerji qiymətlərində mümkün sıçrayışa hazırlaşır. Bu barədə Politico nəşri yazır. Bildirilir ki, bu vəziyyət blokun iqtisadiyyatına əlavə təzyiq yaradacaq və Avropanın idxal olunan fosil yanacaqlardan demək olar ki, tam asılılığı problemini daha da kəskinləşdirəcək.
ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra neft və qaz daşımalarının demək olar ki, dayandığı qeyd olunur. İran qüvvələrinin gəmilərə dar Hörmüz boğazından keçidin qadağan edildiyi barədə xəbərdarlıq etdiyi bildirilir. Hazırda bu, Avropaya dərhal təsir göstərmir, çünki Hörmüz boğazından keçən neft və qazın — qlobal neft ticarətinin təxminən 20%-i — əsas hissəsi Asiyaya yönəlir.
Buna baxmayaraq, tədarükün sıxılması artıq dünya bazarlarında qiymət artımına səbəb olur. Bazar ertəsi səhər Brent markalı neftin qiyməti 9%-dən çox artaraq bir barel üçün təxminən 80 dollara çatıb ki, bu da ötən ilin iyunundan bəri ən yüksək göstəricidir.
Brüsseldə yerləşən Bruegel analitik mərkəzinin baş elmi əməkdaşı Simone TalyaPyetra bildirib ki, neft və mayeləşdirilmiş təbii qaz (LNG) qlobal bazarlardır və Hörmüz boğazından tədarükdə hər hansı pozuntu fiziki idxal məhdud olsa belə, Avropada dərhal qiymət sıçrayışına səbəb olacaq.
Risk məsələsi bazar günü Brüsseldə keçirilən Aİ diplomatlarının görüşlərində də müzakirə olunub. Ekspertlərin fikrincə, qısamüddətli — bir neçə günlük — qarşıdurma qiymətlərə “geosiyasi risk əlavəsi” gətirə bilər. Lakin tədarükün həftələrlə davam edən pozuntusu ehtiyatların azalmasına, logistika çətinliklərinə və qlobal neft-qaz balansında ciddi sıxılmaya səbəb olaraq enerji qiymətlərinə daha ağır təsir göstərə bilər.
Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun aparıcı analitiki Ana Mariya Jaller-Makarieviç qeyd edib ki, münaqişə bir-iki həftə və ya bir ay ərzində həll olunarsa, nəticələr daha yumşaq olacaq. Lakin Ukraynadakı müharibə kimi uzunmüddətli qarşıdurma Avropa üçün əhəmiyyətli nəticələr doğura bilər.
Oksford Universitetinin enerji və iqlim siyasəti üzrə professoru Yan Rozenov isə vurğulayıb ki, Avropa enerjinin böyük hissəsini idxal edir və belə hadisələr bu strategiyanın riskli və qeyri-sabit olduğunu göstərir. Onun sözlərinə görə, struktur həll yolu Avropada bərpa olunan enerji istehsalının artırılması, elektrikləşmə və enerji səmərəliliyinin yüksəldilməsidir.
Bu arada, OPEC+ bazar günü apreldə gündəlik neft hasilatını 206 min barel artırmağı planlaşdırdığını açıqlayıb ki, bu da qiymətlərin kəskin artımı riskini azalda bilər. Lakin ekspertlər bildirirlər ki, bu addım körfəzdən neft daşınması problemini həll etmir.
Aİ ölkələrinin neft ehtiyatları 90 gün üçün nəzərdə tutulub. Bununla belə, xüsusilə Balkanlar və Şərqi Avropada bəzi ölkələr bu tələbi yerinə yetirməkdə çətinlik çəkir.
Hazırda Aİ neftin əsas hissəsini ABŞ, Norveç, Qazaxıstan və Liviyadan idxal edir və bu tədarüklərin heç biri Hörmüz boğazından keçmir. Səudiyyə Ərəbistanı və İraq isə Avropanın neft idxalının müvafiq olaraq təxminən 7% və 5%-ni təmin edir.
Mayeləşdirilmiş təbii qaz idxalında isə Aİ-nin 60%-i ABŞ-ın payına düşür, daha sonra Əlcəzair və Rusiya gəlir. Dünyada ikinci ən böyük LNG ixracatçısı olan Qətər 2025-ci ilin üçüncü rübündə Avropa istehlakının təxminən 6%-ni təmin edib.
Ekspertlərin fikrincə, Aİ Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, ABŞ və digər təchizatçılardan artan asılılıq yeni risklər yaradır və regionun enerji təhlükəsizliyini daha həssas edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.