Filippin Prezidenti Rodriqo Duterteyə koronavirusa qarşı Çinin “Sinopharm” şirkətinin peyvəndi vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə filippinli senator Kristofer Bonq Qo özünün feysbuk sosial şəbəkə səhifəsində paylaşmasında bildirib. Burada peyvəndin vurulması barədə foto və videomateriallar da yerləşdirilib.
Senatorun bildirdiyinə görə, Prezidentə peyvəndi Filippinin səhiyyə naziri Fransisko Duke özü şəxsən Malakanyanq sarayında vurub. R.Duterteyə “Sinopharm” şirkətini peyvəndinin vurulması barədə qərar həkimlər tərəfindən qəbul edilib.
Qeyd edilir ki, 76 yaşlı Filippin Prezidenti peyvəndi yalnız özünü qorumaq üçün deyil, həmçinin vətəndaşları peyvəndin qəbuluna ruhlandırmaq məqsədilə qəbul edib. “Yaşlı bir vətəndaş olaraq, R.Duterte peyvəndi qəbul etməli olan prioritet insanlar qrupuna daxildir”, - deyə senator əlavə edib.
Feysbukda yerləşdirilmiş videoçarxda Prezidentin özünü yaxşı hiss etdiyi və bu peyvəndi çoxdan gözlədiyini dediyi də əksini tapıb.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Filippində koronavirusa yoluxanların sayı 1 milyon 60 min nəfəri ötüb, onlardan 17 min 500-ü həyatını itirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.