Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirən siyasi-şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikilməsinin iqtisadi məqsədləri ilə yanaşı təhlükəsizlik üçün də böyük əhəmiyyəti var:
"Fikir verirsinizsə, postkonflikt dövründə məhz hava limanlarının tikilməsi ön plana çıxarıldı. Bununla da, ilk olaraq hava məkanına təhdidlər aradan qalxdı. Çünki hava limanları həm də təhlükəsizlik üçün beynəlxalq qarantın bir elementidir. İkincisi, bu hava limanlarından hərbi məqsədlər, daha dəqiq ifadə etsək, hərbi yük daşımaları həyata keçirmək üçün istifadəsi gözlənilir. Üçüncüsü, ermənilərin, Rusiyanın Xankəndi hava limanını "kozır" kimi istifadə etməsinin qarşısını alır. Onsuz da Xankəndi hava limanının beynəlxalq tanınması yoxdur. Azərbaycan hələ işğal müddətində ora sərnişin daşınmasının qarşısını almaq üçün xəbərdarlıqlar etmişdi".
Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının açılışında iştirakına gəlincə, analitik hesab edir ki, Ərdoğan bununla Qarabağdakı layihələrin təhlükəsizliyinin qarantının həm də Türkiyə olduğuna mesaj verir:
"Ümumiyyətlə, Ərdoğan Qarabağa gedib, əvvəllər də bu mesaj verilib. Elə Şuşa Bəyannaməsinin Şuşada imzalanması da təsadüfi deyildi. Ankara bununla dünya güclərinə ismarıc verdi ki, Qarabağda var və iştirakını artıracaq. Soçidə cənab Ərdoğanın Rusiya lideri Vladimir Putinlə görüşündə də Ankaranın Qarabağdakı iştirakını genişlətməsinə dair razılığın əldə olunması ehtimal edilir. Təsadüfi deyil ki, Putin Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən onun fəaliyyət istiqamətini həm də Qarabağdakı Azərbaycan-Ermənistan sərhədinin üzərinə proyeksiya edib. Ərdoğanın Soçi səfərindən sonra Füzuli Hava Limanının açılışında iştirak etmək üçün Azərbayana gəlişi də diqqət çəkir. Belə ki, Türkiyə Rusiyadakı “paketi” Azərbaycan tərəfinə çatdıracaq və Ankara-Bakı müştərək maraqları ilə uzlaşdırılması üçün müzakirələr aparacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.