Tramp Bakıda "hərbi diplomatiya" quracaq? - GƏLİŞMƏ
ABŞ prezidenti Donald Tramp az qala yarım illik gözləntidən sonra Ağ Evin Bakıdakı elçisi ilə bağlı qərarını açıqlayıb. Administrasiyadan bildirildiyinə görə, ABŞ-ın Bakıdakı səfiri postuna Trampın namizədi Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat İrli Litsenberqerdir (Earle Litzenberger) (virtualaz.org).
Məlumata görə, İ.Litsenberqer Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviridir və bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Həmin vəzifədə Litsenberqer Büronun idarə edilməsinin bütün aspektlərinə rəhbərlik edir. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litsenberqer onun səlahiyyətlərini icra edir.
Litsenberqer uzun müddətdir diplomatik xidmətdə işləyir və Nazir Müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.
Litsenberqer bundan əvvəl ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Dövlət katibinin müavininin Dəftərxanasında, Yaxın Şərq işləri Bürosunda və Hərbi-Siyasi işlər Bürosunda müxtəlif vəzifələr tutub. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.
Litsenberqerin Bakıda səfir təyinatı üçün onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir...
Bir vaxtlar ABŞ-ın Azərbaycanda səfirinin olmasının çox ciddi önəmi var idi. Siyasilər, QHT sektorunun nümayəndələri, media təmsilçiləri yeni səfiri çox böyük səbirsizliklə gözləyirdilər, onun kimliyini araşdırmağa maraq göstərirdilər. Ayrı-ayrı dairələr araşdırırdılar ki, yeni təyin olunan elçi prinsipial diplomatmı olacaq, yoxsa öz maraqlarını güdəcək? Lakin artıq neçə illərdir Azərbaycanda ABŞ səfirinin kimin olub-olmaması həyəcan yaratmır. Bəzi səfirlər fəaliyyəti dövründə Azərbaycanda yaddaqalan mövqeləri ilə seçilsə də, digər bir qisminin zamanında ABŞ səfirlərinin əzəməti xeyli dərəcədə kiçilmiş oldu. Şübhəsiz ki, onların Bakıdakı fəaliyyətinə Vaşinqtondan verilən təlimatların da təsiri oldu. Amma son nəticəni nəzərə alsaq, ABŞ-ın ölkəmizə səfir təyin etməsi artıq əvvəlki rezonansı doğurmur. Burada sözsüz ki, ABŞ-Azərbaycan münasibətlərində vaxtaşırı ortaya çıxan problemlər də öz sözünü deyib. ABŞ-dakı erməni lobbisinin ölkəmiz əleyhinə aktivləşdiyi dövrlər, hətta Konqresdə erməni separatçılara tribuna verilməsi, üstəlik, işğalçılara ayrılan maliyyə vəsaitləri, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın Ermənistanı işğalçı dövlət kimi tanımaması, hətta bir sıra hallarda onu müxtəlif hərbi (!) avadanlıqlarla təchiz etməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində prinsipial mövqe ortaya qoymaması Vaşinqtonun ədalətinə inamı tam sarsıtmış olub. Odur ki, yeni səfirin ölkəsinə olan inamı bərpa etmək istiqamətində hansısa addımlar atıb-atmayacağı maraqlıdır.
Müşahidəçilərin fikrincə, İran, Rusiya, Suriya məsələləri fonunda Cənubi Qafqazın əsas söz sahibi olan ölkəsinə hərbi məsələlərlə məşğul olan birisinin, özü də Dövlət Departamentdə çalışan şəxsin səfir göndərilməsi heç də təsadüfi deyil.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə yeni səfirdən gözləntilərini bölüşərkən bildirdi ki, ABŞ-in bu gün əsas problemi İran, Şimali Koreya və Rusiyadır: “Ona görə başqa ölkələrin demokratiya məsələlərinə o, az qarışacaq. ABŞ Azərbaycan hökumətini də bu anti-İran və anti-Rusiya kampaniyasında öz tərəfinə çəkməyə çalışacaq”.
Yeri gəlmişkən, ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyi çərçivəsində sentyabrda korrupsiya, sülhməramlılıq, Suriya, İran və narkotiklərlə mübarizə problemləri üzrə açıq görüşlər keçirmək niyyətindədir. BMT-nin mətbuat xidməti xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. İclasa ABŞ prezidenti Donald Tramp sədrlik edəcək. Tramp üçün İran, Rusiya və Suriya məsələləri prioritet olduğu halda, onun Bakıya göndərmək istədiyi elçinin də kimliyi təbii olaraq mühüm amildir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında səfir vəzifəsinə namizədin hərbi məsələlərlə məşğul olmasını təəccüblü saymadığını bildirdi: “Diplomatiyada elədir ki, diplomatlar müxtəlif yerlərdə işləyirlər. Onun indiki vəzifəsini əsas götürüb hərbi məsələlərə daha çox önəm verəcəyi fikri ilə mən razı deyiləm. Çünki karyera boyu diplomatlar müxtəlif şöbələrdə, idarələrdə işləyirlər. Yəni Litsenberqerqin indiki vəzifəsinin gələcəkdə Azərbaycanla bağlı siyasətə təsir edəcəyinə inanmıram”.
T.Zülfüqarov təyinatla bağlı təşəbbüsün prezident Tramp tərəfindən irəli sürülməsinə diqqət çəkdi: “Bu da maraqlı bir məqamdır. Çünki bəzi məsələlərdə Administrasiyanın təşəbbüsü Konqreslə ziddiyyət təşkil edir. Metyu Brayzanın təyinatı ilə bağlı biz bunu gördük. Bu baxımdan son təyinat çox maraqlıdır”.
Səfir təyinatından sonra ABŞ-Azərbaycan münasibətlərində hansı yeniliklərin olacağına gəldikdə, eks-nazir bunları bildirdi: “Təkcə ABŞ yox, digər səfirlikləri də götürsək, təbii ki, onların oynadığı rol böyük önəm kəsb edir. Səfirliklər bəzi məqamlarda texniki funksiya daşıyırlar. Yəni mövcud əlaqələr digər kanallarla lazımi səviyyədə inkişaf etdirilir, bu da bir həqiqətdir”.
T.Zülfüqarov təyinatı gözlənilən ABŞ səfirinə indidən uğurlar arzuladı: “Hesab edirik ki, onun fəaliyyəti Azərbaycanla ABŞ arasındakı əlaqələrin inkişafına yeni təkan verəcək”.
Tramp Azərbaycanla yanaşı Tacikistana da yeni səfir göndərir. Sabiq nazir Azərbaycan və Tacikistana eyni vaxtda səfir təyin edilməsi arasında əlaqə görmədiyini bildirdi. Bununla yanaşı, qeyd etdi ki, İran probleminin bu və ya digər şəkildə Azərbaycanla bağlılığı mövcuddur: “Həmçinin bəlkə də Ermənistan-Azərbaycan konfliktinin həlli ilə bağlı hansısa irəliləyişlər ola bilər. Rusiya ilə bağlı məsələlər də daha kəskin formalar alır və bölgə ilə bağlıdır. ABŞ bəlkə də bunları nəzərə alır”.
DİP sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a dedi ki, Trampın namizədi peşəkar diplomatdır, bir neçə ölkədə səfir işləyib: “Siyasi və hərbi məsələlər üzrə yüksək səviyyədə mütəxəssisin çox ağır bir bölgədə-mən Azərbaycanın ətrafında baş verənləri nəzərdə tuturam-səfir işləməsi Azərbaycanın mənafeyinə uyğundur. Ümid edirəm ki, onun fəaliyyəti Azərbaycanın mənafeyinə xidmət edəcək”.
Hələ ki Tramp yalnız namizədinin adını açıqlayıb. Görək bundan sonra proseslər hansı axarda cərəyan edir. Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı səfiri ötən gün İrəvanı Rusiyadan müdafiə edən açıqlama verib. Üstəlik, Gürcüstanda son iki ayda sayca ikinci NATO təlimlərinin başlanması da maraqlıdır. Belə görünür ki, Rusiya ilə ABŞ arasında Cənubi Qafqaz uğrunda qızğın mübarizə gedir. Litsenberqerin təyinatı həm də buna hesablana bilər...