30 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli kimliyini, tarixi yaddaşını və vahid amal ətrafında birləşmək gücünü təcəssüm etdirən əlamətdar tarixdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni duyğular, eyni məqsədlər və eyni Vətən sevgisi bir araya gətirir.
Bu əlamətdar gün ərəfəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş müraciət də məhz milli həmrəyliyin strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Müraciətdə vurğulandığı kimi, azərbaycanlıların birlik ideyası təsadüfi deyil, dərin tarixi və ideoloji köklərə söykənir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 34 il öncə əsası qoyulan mənəvi bütövləşmə prosesi xalqımızın milli özünüdərkini gücləndirmiş, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Məhz bu uzaqgörən siyasət sayəsində dünya azərbaycanlılarının həmrəyliyi təkcə mənəvi çağırış deyil, strateji dövlət prioriteti kimi formalaşmışdır.
Bu siyasi xətt son 22 ildə Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, diaspor təşkilatlarının imkanlarının genişləndirilməsi, soydaşlarımızın hüquq və mənafelərinin qorunması, milli kimliyimizin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Xüsusilə Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların ata-baba yurdlarına dinc qayıdışı məsələsinin gündəmdə saxlanılması milli həmrəyliyin daha bir təzahürüdür.
Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatları bir daha sübut etdi ki, Azərbaycan güclü dövlətdir, xalq isə öz dövlətinin ətrafında sıx birləşmiş mütəşəkkil qüvvədir. Bu tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli birlik və həmrəyliyin real nəticəsidir.
Zəngin mədəni irsə, güclü intellektual potensiala malik Azərbaycan xalqı tarix boyu bəşər sivilizasiyasına mühüm töhfələr vermişdir. Şərqin bir sıra qüdrətli dövlətlərinin qurulmasında xalqımızın zəkası və istedadı mühüm rol oynamışdır. Bu gün isə müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biri kimi çıxış edir.
Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız yaxşı bilirlər ki, onların arxasında güclü, müstəqil və ləyaqətini qoruyan milli dövlət dayanır. Məhz buna görə də onlar tarixi Vətəndə baş verən ictimai-siyasi prosesləri yaxından izləyir, Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi ilə qürur duyurlar.
Yaşadıqları ölkələrdə fəal vətəndaş mövqeyi nümayiş etdirən azərbaycanlılar milli maraqlarımızın müdafiəsində mühüm rol oynayır, ölkəmiz haqqında obyektiv təsəvvürün formalaşmasına töhfə verirlər. Bu fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, humanitar və mədəni əlaqələrinin genişlənməsinə xidmət edir.
Milli Məclisin müraciətində də qeyd olunduğu kimi, əldə edilən uğurlar Azərbaycan dövlətinin müasir çağırışlara cavab vermək gücündə olduğunu göstərir. Qarşıda duran vəzifələr isə daha böyük məsuliyyət tələb edir: milli-mənəvi dəyərlərimizin qorunması, dilimizin, mədəniyyətimizin təbliği, soydaşlarımız arasında qarşılıqlı dəstəyin gücləndirilməsi bu vəzifələrin əsasını təşkil edir.
Azərbaycan xalqının gələcəyi, milli dövlətçiliyimizin əbədi davamı dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən birbaşa asılıdır. Məhz bu birlik milli maraqlarımızın qorunmasının, tarixi hədəflərimizin reallaşmasının əsas təminatıdır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir daha xatırladır ki, harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən Vətən, dil, tarix və milli kimlikdir. Bu dəyərlər ətrafında birləşmək isə hər bir azərbaycanlının mənəvi borcudur.