AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq

  • + A
  • - A
  • Bu gün, 12:28

    "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq


    UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək "Mançester Yunayted" - "Sabah" oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq.

    Əvvəlki 11 matçın hamısında "Qarabağ" iştirak edib.

    10 görüşdə rəqiblərinə uduzan "köhlən atlar" yalnız bir dəfə heç-heçəyə nail olub.

    İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə rəqib olub. London təmsilçisi hər iki görüşdə qalib gəlib - 3:1, 1:0.

    "Qarabağ" ardınca UEFA Çempionlar Liqasının qrup mərhələsində bu ölkənin "Çelsi" komandası ilə üz-üzə gəlib. İngiltərədə 6 cavabsız qola üzülən ağdamlılar Bakıda 0:4 hesabı ilə uduzub.

    "Köhlən atlar" 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində "Arsenal"la qarşılaşıb. Azərbaycan çempionu bu dəfə də hər iki qarşılaşmadan məğlub ayrılıb - 0:3, 0:1.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə UEFA Avropa Liqasının Liqa mərhələsində "Tottenhem"lə səfərdə münasibətlərə aydınlıq gətirib. Londonlular 3:0 hesablı qələbəyə seviniblər.

    Azərbaycan təmsilçisi ötən ilin noyabrında Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Çelsi" ilə heç-heçə edib - 2:2. Ardınca İngiltərədə "Liverpul"a 6 cavabsız qolla yenilən komanda Liqa mərhələsindən pley-offa vəsiqə qazanıb və burada da İngiltərə klubu ilə üz-üzə gəlib.

    Bakıda "Nyukasl"a 1:6 hesabı ilə uduzan "Qarabağ" İngiltərədə də məğlubiyyətdən qaça bilməyib - 2:3.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR