Bu il Bakı bazarlarında satılan meyvə-tərəvəzin qiymətləri yüksək olması ilə diqqəti cəlb edir, necə deyərlər, “əl yandırır”. Bu isə ilk baxışdan ölkədə istehsal olanan aqrar məhsulların həcminin əvvəlki illərlə müqayisədə az olması təsəvvürü yaradır.
“Report”un araşdırması nəticəsində isə məlum olub ki, bahalıq məhsul qıtlığı ilə bağlı deyil, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi – hərəkət məhdudiyyəti regionlardan paytaxta meyvə-tərəvəz çatdırılmasında çətinlik yaradıb.
“Karantin müddəti uzadıldı və …”Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli deyir ki, karantin rejiminin tətbiqi edildiyi ilk dövrlərdə, yəni martın əvvəlində əkin-səpin işləri artıq həyata keçirilmişdi: “Odur ki, əkin-səpin prosesinə pandemiya təsir göstərmədi. Lakin karantin müddəti uzadıldı və pandemiya aqrar məhsulların daşınması, ixracı və digər bu kimi vacib proseslərə təsir göstərdi. Pandemiyadan əvvəlki dövrdə hər bir kəs öz sahəsində əldə etdiyi kiçik həcmli məhsulu istədiyi bazarlara çıxara bilirdi. Bu isə bazarlarda rəqabət mühiti yaradırdı, məhsulun satış qiymətinin artmasına imkan vermirdi.
Nicat Nəsirli
Karantin rejiminin tətbiqi ilə əlaqədar böyük şəhərlərin giriş-çıxışında karantin keçid postları yerləşdirildi. Yalnız böyük həcmli yüklərin şəhərlərə daşınmasına icazə verildi və kiçik həcmli yükdaşıyanlara isə məsləhət görüldü ki, onlar birləşərək bir avtomobildə yükü şəhərə çatdırsınlar. Bu qərar yükdaşımanın ümumi dövriyyəsinə ciddi təsir göstərdi. Hazırda bəzi aqrar məhsullar mövsümə uyğun olmayan qiymətlərlə satılır. Bu isə birbaşa karantin rejiminin tətbiqi ilə əlaqədardır. Bəzi bazarlarda isə karantin rejimini bəhanə edərək daha çox gəlir əldə etmək istəyənlər var və onlar bazarlarda bəzi məhsulların qiymətini mövsümə uyğun təklif etmirlər. Ölkədə həmişə aprel ayından etibarən aqrar məhsullarda ucuzlaşma başlayır və bu, oktyabra qədər davam edir. Bu il biz bu prosesi müşahidə etmirik”.
N.Nəsirli ixracla bağlı məsələyə də münasibət bildirib: “Müasir innovasiyalar əsasında fəaliyyət göstərən aqrar təsərrüfatlar məhsulların yetişdirilməsində elə sortlar tətbiq edirlər ki, rəqabətə və daşınmaya davamlı olur. İxrac prosesində isə sadəcə gömrük-keçid məntəqələrində cüzi lənginmələr, itkilər oldu”.
“Koronavirusa kütləvi yoluxma ola bilər”Bundan başqa, onun sözlərinə görə, aqrar sahədə insanların aktivliyi yüksək səviyyədədir: “Ciddi problem kənd təsərrüfatında insanların kütləviliyidir, son nəticədə koronavirusa kütləvi yoluxma ola bilər. Üzüm bağlarının bir hektarında orta hesabla 150-160 nəfər çalışmalıdır. Pambıq sahələrində 200 adam işləməlidir. Kütləvilik tələb edən sahələrdə yığım prosesi hələ başlamayıb. Proses avqustda başlayır. Həmin məqamda bağlarda işləyənlər pandemiyadan qorunmaq üçün gigiyenik qaydalara əməl etməlidirlər. Eyni zamanda, məhsullar yığılır və emal müəssisələrinə göndərilir. Həmin müəssisələrdə də təhlükəsizlik qaydaları təmin edilməlidir. Bu günə kimi aqrar sahədə pandemiyaya ilə əlaqədar fəsadlı məqam yaşanmayıb. Ümumilikdə, insanların əkin yerlərinə getmələri üçün şərait yaradılır. Yəni, pandemiya əkin prosesinə ciddi təsir göstərməyib. Ancaq məhsulların daxili və xarici bazarda dövriyyəsinə həcm baxımdan ciddi təsir göstərir”.
Su problemi də varBu il Azərbaycan fermeri həm də su qıtlığından əziyyət çəkir. Nicat Nəsirli deyir ki, əslində ölkədə su problemi 10 ildir ki, mövcuddur, sadəcə indi diqqəti daha çox çəkir: “Bu da Kür çayında suyun səviyyəsinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsi ilə bağlıdır. Adətən hər ilin iyul ayında suyun səviyyəsi azalır. Avqust ayının ikinci ongünlüyüdə isə yağıntılar başayan zaman Kürdə suyun səviyyəsində müəyyən artımlar əldə edilir. Kür çayının ölkə ərazisindən keçdiyi sağ və sol istiqaməti əkinçilik bölgələridir. Kürdən həmin ərazilərin suvarılması üçün nasosla su qaldırılır” .
Onun sözlərinə görə, Azərbaycan su ehtiyatlarının formalaşmasından Kür və Araz çayları həlledici rol oynayır, bu çaylar isə digər ölkələrdən keçərək Azərbaycana daxil olur: “Kür başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Araz çayı isə mənbəyini Türkiyə ərazisindəki Ərzurum dağlarından götürür, Ermənistandan da keçərək ölkə ərazisinə daxil olur. Bu isə o deməkdir ki, həmin ölkələr də bu çaylardan istifadə edir. Çayların ən zəif axını məhz Azərbaycanın payına düşür. Hər iki çay əsasən ölkənin aqrar sahəsi ilə məşğul olan regionlarından keçir. Həmin regionların əkinçilik sistemi bu iki çaya əsaslanır və orda su kanalları böyük hektarlarla ərazilərin suvarılmasını təmin edir. Son vaxtlar dövlət başçısı tərəfindən bu problemin həlli istiqamətində ciddi addımlar atılır. Ümid edirik ki, su resurslarının həm qorunması, həm də yeni su resurslarının tapılması sahəsində addımlar atılacaq. Suyla bağlı problemimiz yalnız suyun azlığı ilə bağlı deyil, həm də suyun düzgün idarə edilməməsi ilə əlaqəlidir. Burda bizim kifayət qədər itkilərimiz var, aqrar sahədə ərazilərin suvarılması üçün ənənəvi suvarma sistemləri tətbiq edilir. Bu isə su itkisi ilə müşahidə edilir və sudan səmərəli istifadə edilmir”.
Nəticə etibarı ilə, bir tərəfdən koronavirusa görə tətbiq olunan karantin rejimi, digər tərəfdən su qıtlığı meyvə-tərəvəzin qiymətini kəlləçarxa çatdırıb.