Koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır: "Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə söyləməyə əsas verir. 2003-cü ildən bəri enerji sektorundan asılılığın minimuma endirilməsi prioritet məsələ kimi öndə saxlanıldı. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri günümüzün reallıqlarında öz əksini tapır. Belə ki, regionların inkişafı öz prioritetliyini qorudu. Dövlətimizin başçısı İlham Əliyevin regional inkişaf proqramların icrası ilə yaxından tanışlıq, eyni zamanda, vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq məqsədilə bölgələrə davamlı səfərləri, hər bir səfərin yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması bir daha bu reallığı təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Ölkəmiz hər bir çətinlikdən uğurla çıxmaq üçün malik olduğu inkişaf modelinin nümunəviliyini bir daha dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev cari ilin əvvəllərində bu əminliyi ifadə etmişdir ki, 2020-ci il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü kimi yadda qalacaq".
Bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov Azadmedia.az saytına Prezident İlham Əliyevin 06 avqustda keçirdiyi müşavirəyə münasibət bildirərkən söyləyib.
Pandemiya dövründə məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlərin nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə yönəldən İ.Məmmədov qeyd edib ki, bu müddətdə dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığının verilməsi və artıq 320 min şəxsin bu dəstəkdən yararlanması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işlərinin həyata keçirilməsi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın müddətinin uzadılması, ünvanlı sosial yardım alan ailələrin sayının artmaqda davam etməsi, həmçinin sərt karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan vətəndaşların sağlamlığının qorunması məqsədilə evdə qalmalarının təmin olunması üçün onlara sosial xidmətlərin göstərilməsi, 15 mindən çox tənha yaşlının sosial xidmətlərlə əhatə olunması və sair deyilənlərin bariz nümunəsidir.
İqbal müəllim bildirib ki, pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyev ilk gündən iş yerlərinin sayının azaldılmamasını qarşıya əsas hədəf kimi qoydu: "Bu məqsədlə işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı həyata keçirilib. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti əhalinin demoqrafik vəziyyəti ilə uyğunlaşmalı, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Möhtərəm Prezidentimizin tapşırıqları məhz 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına yol açdı. Bu sənədlərin hər birinin əhatə etdiyi istiqamətlərdə əldə ediləcək nəticələr cari ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin 2020-ci illə bağlı nikbin fikirlərinin reallıqda təsdiqi olacaq".
Möhtərəm Prezidentimizə ünvanlanan təşəkkür məktublarında da ölkə vətəndaşları bu məqamı xüsusi qeyd edirlər ki, atdığı hər addımında xalqını düşünən, ən çətin anlarda belə vətəndaşının yanında olan Prezidentimizə milyonların sevgisi günümüzün reallığıdır, - deyən deputat, sonda qeyd etdi ki, məhz dövlət-vətəndaş birliyinin, həmrəyliyinin möhkəmlənməsi fonunda koronavirus bəlasından uğurla çıxacaq, postpandemiya dövrü üçün hədəflənmiş məqsədlərə yüksək səviyyədə nail olacağıq. Reallıq budur ki, Azərbaycan bu çətin anlarda da sosial dövlət imicini qoruyur və bu imicə yeni əlavələr edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.