Yeni dərs ilinin başlanmasına təxminən 1 ay vaxt qalıb. Bəs Azərbaycanda dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayacaqmı? Mütəxəssislərin bu barədə təklif və tövsiyələri nədən ibarətdir?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:
“Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə, proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar”.
Ekspert qeyd edib ki, martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərib:
“Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər.
Ona görə də Təhsil Nazirliyi 11 martdan etibarən “Mədəniyyət TV”də “Tele-Dərs” layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi.
Virtual məktəb layihəsi ilə evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələrini olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır. Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydəndüşmə bir layihə idi. Amma burada bir məqam var idi ki, mart ayında virtual dərs keçən şagirdlər ona qədər 7 ay ənənəvi formada dərs keçmişdilər. Lakin sentyabrdan bunun onlayn formada başlanması effektiv olmayacaq".
Kamran Əsədovun sözlərinə görə, yeni tədris ilində yalnız qeyd olunan iki layihə ilə davam etmək olmaz:
“Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır”.
Kamran Əsədov sentyabrda başlayacaq yeni tədris ili üçün öz tövsiyələrini də qeyd edib:
“İnanıram ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaq. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-+3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır.
Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant - online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır".
Ekspert dərslərin sentyabrın 1-dən başlamasını da təklif edib:
“Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlamalıdır. Amma müddətləri dəyişməlidir. Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqəyə müəyyən edilməlidir. Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir. Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Belə ki, məktəb 3 növbə fəaliyyət göstərməlidir. I növbə saat 08-00-dan 10-00-dək ibtidai siniflər üçün, II növbə saat 10-30-dan 13-30-dək V-VIII siniflər məktəbdə olmalıdır, III növbə saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər”.
Kamran Əsədov bildirib ki, bütün hallarda siniflərdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır:
“İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz. Bütün bunlarla yanaşı isə zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir.
Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif girişlərdən daxil olmasının təmini üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilsin. Məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin. Şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilsin.
Düşünürəm ki, dərsləri 1 sentyabrdan başlamalı, bütün sentyabr ayı boyunca əvvəlki ilin mterilları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinifin materillarının keçirilməsinə başlamaq lazımdır.
Hesab edirəm ki, bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı , ondan sonra digər texniki işlər görülməlidir.
Bundan başqa dərs başlayarkən məktəbdə:
Məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun.
Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın.
Qapıda qızdırmaölçən cihaz və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin.
Şagirdlərin dərs başlayarkən və dərs yekunlaşarkən əllərini sanitar qovşaqda yuması təmin edilsin. Bunun üçün məktəbdə infrastruktur qaydaya salınsın.
Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunsun.
Şagirdlərlə bağlı tövsiyələr:
İctimai nəqliyyatdan mümkün olduqca daha az istifadə etsinlər.
Məktəbə gələrkən tibbi maska və üz sipərindən istifadə etsinlər.
Şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər".
Tanınmış həkim Vasif İsmayıl isə sentyabrda təhsil müəssisələrinin açılması qərarına isti yanaşmadığını bildirdi:
“Çünki hazırda bütün dünyada bu məsələnin üzərində müzakirələr gedir. Bir şey dəqiqdir ki, uşaqlar virusun yayılmasında çox ”yaxşı" rol oynayırlar. Yəni, virusun yayılmasını asanlaşdırırlar.
Bütün dünya virusun hələ bizimlə çox qalacağını düşünərək, önləyici tədbirlər hazırlayırlar. Uşaqların tibbi maskada gəzib, məsafə qoruyacaqları ehtimalı çox az olduğu üçün başqa tədbirlər görməyə çalışırlar. Məsələn, siniflərdə uşaq sayını azaltmaq, uşaqların bir-biri ilə yaxın təmasda olmasını məhdudlaşdırmaq, bir qisim uşaqları onlayn dərslərə cəlb etmək və sairə. Lakin bunun nə qədər effektiv qərar olacağını deyə bilmərəm.
Hazırda dünyada koronavirusa yoluxanların sayında azalmalar olduğu, ikinci dalğanın baş vermədiyi bu cür optimist qərarlar verilir. Lakin hər şeyə ikinci dalğanın başlayıb, vəziyyətin necə dəhşətli ola biləcəyi nəzəri ilə baxmaq lazımdır. Çünki ikinci dalğanın qarşısını alacaq peyvənd, dərman vasitəsi yoxdur. Hazırda yalnız köhnə metodlardan, yəni sosial məsafə saxlamaq, təcrid üsullarından istifadə edə bilərik.
Beləliklə, düşünürəm ki, təhsilin sentyabrda bərpa olunacağı ilə bağlı qərar da optimist qərarlardan biridir. Bütün bunlar zamanın imtahanından keçməlidir".
“Yeni Müsavat”