AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: "İnsanların təhsillə bağlı narahatlığı başadüşülən olsa da, sosial izolyasiya qaydalarına əməl etmək vacibdir"

  • + A
  • - A
  • 29-08-2020, 12:13

    Məşhur Məmmədov: "İnsanların təhsillə bağlı narahatlığı başadüşülən olsa da, sosial izolyasiya qaydalarına əməl etmək vacibdir"

    Yeni dərs ili yaxınlaşır, insanlarda təhsillə bağlı suallar, narahatlıqlar yaranır, bu da başadüşüləndir. Çünki mövcud sanitar-epidemioloji vəziyyət bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də reallıqları dəyişib. Təhsil müəssisələrinin martın əvvəlindən fəaliyyətinin dayandırılması təbii ki, validideynlərin narahatlıqları ilə yanaşı, uşaqların istər intellektinə, istərsə də mənəvi-psixoloji vəziyyətinə bu və ya digər formada təsir edib. Bunu Azadmedia.az saytına Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputat bildirib ki, ötən tədris ilində koronavirus səbəbindən şagirdlərdə geriləmənin müşahidə olunması danılmazdır:

    "Bilirsiz ki, yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə ümumtəhsil müəssisələrinin fəaliyyəti bərpa olunur. Mövcud vəziyyətdən çıxış yolu ilk növbədə sanitar-epidemioloji vəziyyəti nəzərə almaqla adekvat addımların atılmasındadır. Ölkəmizdə də həyata keçirilən kompleks tədbirlər nəticəsində təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaranıb. Təbii ki, fəaliyyəti bərpa olunan müəssisələrdə təhlükəsizlik qaydalarının tətbiqi mütləqdir. Artıq mütəxəssislərin də söylədiyi kimi, tədrislə bağlı fərqli sxemlərin tətbiqi mümkündür. İlk növbədə uşaqların sağlamlığının təmin olunması və virusun yayılmasının qarşısının alınması başlıca şərtdir. Aktual məsələlərdən biri yoluxma halları müəyyən olunduqda həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlıdır. Siniflərdə sıxlıq yaranacağı təqdirdə onların yarımqruplara bölünməsi, növbəli dərs saatları da təklif olunur. Qarşıya qoyulan məqsəd odur ki, ənənəvi tədrisin tətbiqi arzuolunmaz nəticələrə gətirib çıxarmamalıdır. Bunun üçün bütün qabaqlayıcı tədbirlər görülməlidir
    Sanitar-epidemioloji vəziyyətə gəlincə, sevindirici haldır ki, hazırda Azərbaycan yoluxma-sağalma nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Lakin bu pozitiv dinamikanı qoruyub saxlamaq şərtdir. Xüsusilə, qarşıdan payız gəlir, respirator xəstəliklərin aktivləşdiyi payız-qış mövsümünün risklərini nəzərə almalıyıq. Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olur. Bu mənada hər birimiz üçün vaksin tapılmayana qədər sosial izolyasiya qaydalarına əməl etmək vacibdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR