AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəm qazından vəfat edən tələbənin ailəsi universitet prorektorunun məsuliyyətə cəlb olunmasını tələb edir

  • + A
  • - A
  • 3-09-2020, 17:54

    Dəm qazından vəfat edən tələbənin ailəsi universitet prorektorunun məsuliyyətə cəlb olunmasını tələb edir


    Zəhərlənmə nəticəsində vəfat edən 1999-cu il təvəllüdlü tələbə Şəkər Xasmətovanın ailəsi Bakı Dövlət Universitetinin (BDU) təsərrüfat işləri üzrə prorektorunun istintaqa cəlb olunmasını tələb edir.

    Oxu.Az-a bu barədə tələbənin atası Faiq Xasmətovun maraqlarını təmsil edən vəkil Türkel Süleymanlı məlumat verib.

    Xatırladaq ki, 21 noyabr 2019-cu il tarixində BDU-nun Mətbuat prospektindəki yataqxanasında tələbələr Şəkər Xasmətova, Dilruba Quliyeva və Həmidə İbadova zəhərləniblər. Ş.Xasmətovanın ölümü yataqxanada həkimlər tərəfindən müəyyənləşdirilib, ağır vəziyyətdə olan digər iki qız 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bir neçə gün sonra oradan buraxılıblar.

    Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Dörd ay sonra tələbənin ölümünün səbəbi məlum olub - divardakı çatdan sızan dəm qazı. Ş.Xasmətovanın çarpayısının divardakı çatlağın tam yanında yerləşməsi onun ölümcül zəhərlənməsinə səbəb olub.

    Qeyd edək ki, 20 noyabr axşamı qızlar özlərini pis hiss ediblər və təcili tibbi yardım çağırıblar. Gələn həkim Ramiz Cəfərov və tibb bacısı onlara daha sonra müayinə zamanı qanlarında aşkarlanan dimedrol inyeksiya ediblər və yalnız şifahi olaraq xəstələrə xəstəxanaya getməyi təklif ediblər. Tələbələr iynədən sonra vəziyyətlərinin yaxşılaşacağına inanaraq bundan imtina ediblər. Həkim onları xəstəxanaya yatırmaqla bağlı israr etməyib. Növbəti səhər saat 11:00-da yenidən təcili yardım çağırılıb. Ancaq bu vaxta qədər Ş.Xasmətova artıq həyatını itirmişdi.

    Ekspertizanın nəticəsinə görə, dimedrol tələbənin ölümü ilə nəticələnən zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib.

    Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Ramiz Cəfərova qarşı başlanan cinayət işi ayrıca icraata alınıb. Bu ilin iyun ayında təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hazırda proses başa çatmaq üzrədir.

    Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, istintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan iki nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, bir nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

    Vəkil qeyd edib ki, 31 avqust, bazar ertəsi zərərçəkmiş şəxslə birgə cinayət işinin materialları ilə tanış olub və yalnız yataqxananın komendantının məsuliyyətə cəlb olunmasından narazıdır:

    “Vəfat edən tələbənin yaxınları istintaqın gedişatından haqlı olaraq narazıdırlar. Faciədən yalnız yataqxananın komendantı cavabdeh deyil, həm də universitet rəhbərliyi, xüsusilə təsərrüfat işləri üzrə prorektor məsuliyyət daşımalıdır. Bunu istintaqa dəfələrlə bildirmişik. Komendant özəl müəssisənin rəhbəri deyil, universitetin balansında, birbaşa təsərrüfat işləri üzrə prorektora tabe olan müəssisənin nizam-intizamdan məsul olan şəxsdir.

    Biz çox yaxşı bilirik ki, istənilən qurumun balansındakı mülkün vəziyyətini vaxtaşırı yoxlamalı olan nəzarət orqanı var. İstintaq universitet rəhbərlərini şahid olaraq sorğu-suala tutmağa cəhd belə etməyib və yalnız komendantın ittihamı ilə kifayətlənib”, - T.Süleymanlı deyib.

    Müdafiə tərəfi universitetin məsul şəxslərinin kənarda qalmasından qəzəblənib və bunun dövlətimizin siyasətinə zidd olduğunu vurğulayır.

    “Prezident İlham Əliyev dəfələrlə deyib ki, qanun qarşısında hamı bərabərdir və vəzifəsindən asılı olmayaraq, hər kəs öz hərəkətinə görə cavab verməlidir. Tələbə yataqxanasındakı yaşayış şəraiti, yumşaq desək, dəhşətli, acınacaqlıdır. Gənclərə qarşı bu alçaldıcı münasibət cəzasız qalmamalıdır”, - vəkil qeyd edib.

    Onun sözlərinə görə, qeyd edilənlər yataqxana komendantının tabe olduğu qurumun rəsmi şəxsinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün vəsatət verməyə əsas yaradıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR