Vaxt Azərbaycanla Türkiyənin xeyrinə işləməkdədir - Millət vəkili
Azərbaycan-Türkiyə, eyni arzu, eyni niyyət Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi Cümhuriyyət Azərbaycan-Türkiyə. Bu misralar yəqin ki, çoxlarına tanış gəldi. 20-ci əsr Azərbaycan poeziyasının ünlü simalarından olan İstiqlal şairimiz Bəxtiyar Vahabzadənin məşhur şeirindən süzülüb gələn misralardır...
Azərbaycan-Türkiyə qardaşlığını, dostluğunu vəsf edən könül çırpıntısı, qəlb yanğısıdır. Hamımızın-bütün azərbaycanlıların, Azərbaycan türklərinin ruhunu özündə daşıyan duyğular, hisslərdir...Bəli, doğrudan da, “Bir millət-iki dövlətik”! Sözdə, dildə deyil, əməldə, niyyətdə, fəaliyyətdə!
Bəli, hər ikisi də Layiq və Layiqli Cümhuriyyətdir! Hər ikisi də yarandığı gündən (arada balaca-kiçicik zaman fərqi olmasına baxmayaraq) dünyəviliyin, unitarlığın, tolerantlığın, demokratikliyin, cümhurriyyət dəyərlərinin daşıyıcı olan Cümhuriyyətdir!
Bəli, hər ikisini də qurub yaradan(lar) bu dəyərlərin ali daşıyıcılardır. Türkiyədə Qazi Mustafa Kamal Paşa Atatürk, Azərbaycanda dahi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, qurucu babalarımız, Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev! Bəli, birinin yoluna çoxlu daş-kəsəklər çıxsa da, özünü, müstəqilliyini qoruya bildi, bu gün də inamla öz tutduğu yolla, öz dəyərləri ilə addımlamaqdadır. Amma birinin-Azərbaycanın birinci İstiqlal-Cümhuriyyət ömrü uzun çəkmədi. Xarici və daxili simbioz, fitnəkar güclərin əli, səyi ilə süqut etdi... Amma İstiqlal, Azadlıq elə bir nemətdir, meyvədir ki, onu daddınsa, heç zaman onu əbədiyyən itirə bilməzsən və belə də oldu...
Bir kərə yüksələn bayraq, bir daha yüksəldi, 71 ildən sonra mücadiləmiz, istiqlal savaşımız öz bəhrəsini, nəticəsini verdi, ikinci dəfə Haqq etdiyimiz İstiqlalımıza, cümhuriyyət dəyərlərimizə, ikinci Cümhuriyyətimizə qovuşduq. Və bu gün iki qardaş və dost Hürr Cümhuriyyətimiz dünya arenasında öz LİDERLƏRİnin sayəsində xüsusi nüfuz və söz sahibidir, dünyanın oyun qaydalarını müəyyən edən müstəqil məmləkətdirlər. Birlikdə gerçəkləşdirdikləri möhtəşəm layihələrlə dünyanın enerji təhlükəsizliyinə, bütövlükdə sülhə və təhlükəsizliyə böyük töhfələr verməkdədirlər.
Hansı ki, özləri hələ də terrordan, işğaldan əziyyət çəkirlər, amma yenə də ali, bəşəri, insani dəyərlərdən kənar qaçmırlar, əsl Cümhuriyyət nümunəsi, davranışı sərgiləyirlər. Çox qürurverici və fəxredici haldır ki, bu birgəlik, bu birlikdəlik, birgə atılan addımlar saatbasaat, dəqiqəqədəqiqə, anbaan artmaqda, çoxalmaqda, möhkəmlənməkdə, güclənməkdə, bərkiməkdə, monolitləşməkdədir. Son iyul hadisələri, birgə-növbəti hərbi təlimlər, verilən mesajlar, göstərilən həmrəylik, diplomatiya tarixinə həkk edilən son davranışlar hər şeyi bariz şəkildə və bütün açıqlığı, şəffaflığı ilə bir daha ortaya qoyur. Cənab Preziden yunan səfiri ilə görüşdə açıq və qətiyyətli şəkildə deyir:
“...Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı...”
Bəli, arif olanlara bir işarə də kifayətdir...Yəqin ki, bu günə kimi, işarədən anlamayanlar, bu sözlərdən öz paylarını gec də olsa,ə götürəcək və yolumuza çəpər olmaqdan kənara çəkiləcəklər. Çünki dövr, zaman, vaxt Azərbaycanla Türkiyənin xeyrinə işləməkdədir! Hər ikisi də bunu sonunacan Haqq edirlər. Haqq yolunda, Haqq savaşında da Böyük Yaradan hər zaman hər iki vətənə - həm Ana Vətənə, həm də Ata Vətənə Yar və Yardımçı olsun!
Jalə ƏLİYEVA
Millət vəkili, professor