Kələkbaz zurnalistlər şəbəkəsinə “dur” deməyin zamanı gəldi
Son günlər qəribə bir tendensiya yaranıb. Kələkbaz zurnalistlər asan pul qazanmaq eşqinə düşüblər. Əvvəlcə sahibkarlardan, deputatlardan tənqidi yazı anonsu verir, sözün kobud mənasında desək, tilov atır, əgər kimisə anons tilovu ilə tuta bildilərsə, dilənçi payı alıb, əl çəkirlər, yox, əgər tilovlarına yağlı şikar keçməyəndə, öz səviyyələrinə uyğun, qarayaxmalarla dolu tənqidi yazılar yazır, yenə də susqunluq gördükdə, barəsində yazdıqları adamlara elçi göndərirlər ki, filan qədər tula payı ver, yazını saytdan götürək, saytımızda yalnız tərifi yazılar yazaq.
Aydın məsələdir ki, işgüzar, nümunəvi fəaliyyəti göz önündə olan insanlar bu danışıqlara getmir, barələrində yazılan yazıları dost-tanış skren edib göndərəndə, gülüşlə qarşılayırlar.
Elə bu yaxınlarda kələkbazlar şəbəkəsi Elnur Allahverdiyevi də belə hiylə ilə ələ almaq arzusundadırlar, lakin xəyalları suya düşür. Bu, həmin Elnur Allahverdiyevdir ki, öz şəxsi facebook səhifəsində daim seçiciləri ilə təmasdadır, onların problemini dinləyir, bacardıqca həll etməyə çalışır. Elin gözü tərəzidir, elə lap yaxın günlərdə paylaşımlarının birinin altında başqa rayonlardan olan vətəndaşlar da Elnur Allahverdiyevə problemlərini yazıb kömək istəmişdi, Elnur müəllim biganə qalmayıb, əlaqə nömrəsi saxlamalarını istəmiş, digər bir məhəllə adından danışan vətəndaşa isə məsləhət görmüşdü ki, sakinlər onun adına Milli Məclisə məktub yazsınlar. Nədənsə reketlikləri ucbatından həbsdə yatmışlar, pul müqabilində üzə durub insanların həbsinə səbəb olmuş kələkbazlar deputat Elnur Allahverdiyevdən yazanda bu əməllərini görməzdən gəlirlər. Elə 2 gün öncə seçicilərinin küçələrinin işıqlanmasına dəstək olduğunu öz səhifəsindən izləmədən öncə, Azərişığın rəsmi facebook səhifəsində Elnur müəllimin seçicilərinin elektrik energisi probleminin həllindən yazılmışdı.
Eyni ssenari ilə işgüzar deputatlar Məşhur Məmmədov, Əliabbas Salahzadə və digərlərini də əvvəlcə öz aləmlərində saytlarında tənqid etmiş, saya salınmadıqlarını görüb, elçilərini köməyə çağırsalar da, quyruq buladıqları qapıdan üzüqara qayıtmışdılar. Üzümü iyrənc yolla pul qazanıb, utanmadan adını jurnalist qoyanlara tutub demək istəyirəm ki, ay zavallılar, bəsdirin, gedin özünüzə iş, peşə tapın. Sizin kimi ucuz insanların iyrənc, qarayaxma əməllərinə görə, halal zəhməti ilə özünə iş quran jurnalistlərin də adlarına, peşələrinə xələl gəlir. Amma barəsində yazdığınız adamlara cızma-qaralarınız vız gəlir. Yel qayadan heç nə aparmaz, ara yerdə oksigeni korlamayın.
Xəlil Xəlilov,
Azadmedia.az saytının Baş redaktoru